Azərbaycanda kredit almaq daha da çətinləşəcək

“Gəlirlər imkan verməlidir ki, insanlar öz borclarını komfortlu şəkildə ödəsinlər”…

“Gəlirlər imkan verməlidir ki, insanlar öz borclarını komfortlu şəkildə ödəsinlər”.

Azərbaycanın Mərkəzi Bankı kommersiya banklarında istehlak kreditlərinin artım dinamikasını bir qədər də aşağı salmağı nəzərdə tutur. 

Oxu.Az-ın marja.az-a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın baş direktoru Rəşad Orucov bildirib. Rəşad Orucovun sözlərinə görə, Mərkəzi Bank bu ilin əvvəlindən istehlak kreditləşməsi ilə bağlı müəyyən tənzimləyici addımlar atıb: “Nəticə də bundan ibarətdir ki, artıq istehlak kreditlərinin artım dinamikası iki dəfə aşağı düşüb. İpoteka kreditlərini istisna etsək, istehlak kreditləri ilin əvvəlindən təxminən 10 faiz artıb. Yəqin ki, biz ilin sonuna qədər əlavə tənzimləyici addımlar atacağıq. Biz bu addımların banklarda istehlak kreditləşməsinin dinamikasına bir qədər də azaldıcı təsir göstərəcəyini gözləyirik”.
 
Rəşad Orucov qeyd edib ki, əsas tədbirlərdən biri insanların gəlirlərinin borc yükünə uyğun olması tələbinin tətbiq edilməsi olacaqdır. Bu tələbdən sonra hər bir şəxs sənəd ilə təsdiq olunacaq cəmi gəlirinin maksimum yarısı qədər bankdan borc götürə biləcək: “Yəni insanların gəlirləri onların borc yükünə uyğun olmalıdır. Gəlirlər imkan verməlidir ki, insanlar öz borclarını komfortlu şəkildə ödəsinlər. Əsas tələb bu istiqamətdədir. Hər bir şəxs kredit götürərkən aylıq gəlirlərinə və onun hər ay borcların ödənilməsinə nə qədər yönəldə biləcəyinə baxılacaqdır. Məsələn, vətəndaşlar aylıq gəlirinin 50 faizədək hissəsini bütün borclarının ödənilməsinə yönəldə biləcəklər. Mərkəzi Bankda hazırda müxtəlif variantlara baxılır. Ən normal göstərici 40-50 faizdir”.

www.oxu.az