“Xanımların da bu kurslara cəlb olunmaları üçün müəyyən addımlar atılacaq”…
“Xanımların da bu kurslara cəlb olunmaları üçün müəyyən addımlar atılacaq”.
Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC tərəfindən hərbi xidmət çağırışçıları üçün snayper kursları təşkil olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə AzVision.az-a xidmətin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-dən məlumat verilib.
Cəmiyyətdən bildirilib ki, hazırda snayper kurslarının başlanması istiqamətində işlər davam etdirilir:
“Kursların başlaması ilə bağlı bütün hazırlıq işləri tamamlanıb. Hansısa bir güc strukturundan sifarişlər olsa kurslar başlayacaq. Qanunvericiliyə əsasən, Dövlət Sərhəd Qoşunları, Müdafiə Nazirliyinin Xüsusi Dövlət Mühafizə Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından hər hansı bir sifariş verilərsə biz kurslara başlayacağıq. Kurslarda iştirak edəcək olanların sayı sifarişlərdən asılıdır”.
Cəmiyyətdən həmçinin bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə snayper ixtisası üzrə kurslarda yalnız çağrışçılar iştirak edə bilərlər. 17 yaşına çatmış hərbi çağırışçı snayper kurslarına cəlb oluna bilər:
Cəmiyyətdən xanımların gələcəkdə snayper kurslarına cəlb olunması məsələsinə də aydınlıq gətirilib:
“Xanımların da bu kurslara cəlb olunmaları üçün gələcəkdə yəqin müəyyən addımlar atılacaq. Yəqin ki, bununla bağlı müəyyən təkliflər hazırlanar və Nazirlər Kabinetinə təqdim olunar. Amma hələ ki, belə bir təklif yoxdur”.