Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil və həlak olmuş, hərbi əməliyyatda itkin düşmüş vətəndaşların uşaqlarının təhsil xərclərini dövlət ödəyəcək

Prezident İlham Əliyev sərəncam imzalayıb…

Prezident İlham Əliyev sərəncam imzalayıb

 

Bakı – APA. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

 

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 

/Apa/