“Onun bu əməlləri məhkəmə qaydasında sübuta yetirilib”.
“Onun bu əməlləri məhkəmə qaydasında sübuta yetirilib”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı 16 aprel tarixli açıqlamasına cavab verib.
XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, H.Hacıyev bildirib ki, ABŞ Dövlət Departamentinin bu açıqlaması yalnız təəccüb doğurur:
“Azərbaycan Respublikasında qanunun aliliyi, fundamental azadlıqların qorunması və məhkəmə sisteminin müstəqilliyi tam təmin olunub. Azərbaycanda heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib edilmir. Azərbaycan Respublikası tərəfindən beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərinə tam şəkildə əməl olunur.
Rəsul Cəfərov vergidən yayınma, mənimsəmə və digər qanuna zidd əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunub və onun bu əməlləri məhkəmə qaydasında sübuta yetirilib. Qanun qarşısında hamı bərabərdir və insan hüquqlarının müdafiəçisi kimi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir. ABŞ Dövlət Departamentinin qanunun aliliyindən kənar bu açıqlaması Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi daşıyır”.
H.Hacıyevin sözlərinə görə, beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə çağırış edən ABŞ ilk növbədə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktına zidd şəkildə Azərbaycanın ərazilərini işğal edən Ermənistandan öz beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini və işğal altındakı Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasını tələb etməlidir:
“İşğal və təcavüz siyasətinin davamı kimi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yenə də təxribatçı hərbi təlimlər keçirilir və ABŞ tərəfindən heç bir münasibət bildirilmir. İnsan hüquqlarının müdafiəsi altında fərdi cinayət hallarına belə maraq göstərən ABŞ-ın Ermənistanın təcavüz və işğalı nəticəsində fundamental hüquq və azadlıqlarından məhrum olan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin də hüquqlarının bərpasına lazımı diqqət ayırması daha təqdirəlayiq olardı”.