Müstəqil həyata qədəm qoymaq hər bir gənc üçün həssas bir dövrdür. Bu dövr internat məzunları, əsasən də valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud gənclər üçün isə xüsusilə çətindir. Məhz bu səbəbdən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “TƏYYARƏ – Valideyn himayəsindən məhrum olan internat məzunlarının sosial adaptasiyasına dəstək proqramı”nın icrasına başlayıb.
Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud internat məzunlarının cəmiyyətə inteqrasiyası prosesinin asanlaşdırılmasıdır. Bu məqsədlə layihə çərçivəsində internat məktəbləri və uşaq evlərindən məzun olacaq valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin müstəqil həyata hazırlanması, uğurlu karyera qurmalarına istiqamətlidirilmələri, onlara peşə seçimində risklərin ölçülməsini, gələcəyin peşələrinin və məşğulluğun təmin olunması üçün müasir alətlərin öyrədilməsi, müstəqil həyatda qarşılaşa biləcəkləri psixoloji baryerləri aşmaq üçün psixoloji alətlərə yiyələnmələri, milli qanunvericiliyin onlara verdiyi hüquq və imtiyazlardan faydalana bilmələri üçün bu sahədə maarifləndirilmələri istiqamətində işlər aparılacaqdır.
Layihə çərçəvəsində keçiriləcək təlimlərə ümumilikdə 160 gənc cəlb olunacaqdır. Təlimlərin ilk günü sosial inteqrasiya, ikinci günü isə psixoloji inteqrasiya məsələlərini əhatə edəcək. Eyni zamanda gənclərə milli qanunvericiliyin onlara verdiyi hüquq və vəzifələr barədə də geniş məlumatlar veriləcəkdir.
MƏTBUAT XİDMƏTİ
08.05.2017