“Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərinin hüquqlarının BMT və Avropa İttifaqı çərçivəsində müdafiəsi” adlı layihənin İsmayıllı rayonunda keçirilmiş ilk tədbiri
“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyəşdirilməsi ilə bağlı müsabiqədə iştirak etmiş və “Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərinin hüquqlarının BMT və Avropa İttifaqı çərçivəsində müdafiəsi” adlı layihəsinin qalibi olmuşdur.
Bu layihənin icra müddətinin ilkin mərhələsi olaraq “Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində” adlı kitab nəşr olunmuşdur. Kitab müasir beynəlxalq hüquqda və müstəqil Azərbaycan Respublikasının hüququnda qaçqınların və məcburi köçkünlərin hüquqları institutunun formalaşması və inkişafı, bu sahədə normativ bazanın inkişaf etdirilməsi və təkmilləşdirilməsinin araşdırılmasına həsr edilmişdir. Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemləri ətraflı şəkildə təhlil edilmişdir. Kitabın müəllifləri Rüstəm Məmmədov, Sima Süleymanlı və Xətai Abbasovdur.
Tədqiqat əsərində demokratik cəmiyyətin və hüquqi dövlətin yaradılması insan hüquqları və azadlıqları dairəsinin genişləndirilməsini, yeni məzmunla zənginləşdirilməsini, qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyətini müəyyən edən amillərin dayanıqlı sistemi ilə möhkəmləndirilməsini nəzərdə tutur.
Burada qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyətinin struktur elementləri arasında münasibətləri, bütövlükdə onların hüquqi statusunu tənzimləyən normativ-hüquqi aktların yeni massivinin yaradılması məsələsi xüsusi yer tutur.
Kitabda beynəlxalq təcrübədə və Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin hüquqi statusunun hüquqi tənzimlənməsinin ən mühüm aspektləri nəzərdən keçirilir. Burada məcburi miqrantların hüquqi statusunun təsbiti və realizəsi ilə bağlı həm ümumnəzəri məsələlər, həm də dövlət hakimiyyəti orqanlarının əməli addımları araşdırılır. Əsərdə tədqiqat predmetini qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasınn Prezidenti İlham Əliyevin rolu göstərilmişdir.
1 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Prezident Administrasiyasının və İsmayıllı rayon icra hakimiyyətinin köməkliyi ilə İsmayıllı rayonunun Uşaq Kitabxanasının akt zalında “Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyinin tədbiri keçirildi. Tədbir zamanı layihə çərçivəsində nəşr olunan “Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində” adlı kitab haqqında məlumat verilmişdir. Tədbirdə müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, İsmayıllı rayon məktəblərinin direktorları və müəllimələri, mədəniyyət orqanlarının işçiləri, qaçqınlar, məcburi köçkünlər və s. iştirak etmişdilər. Tədbirin iştirakçılarına kitab paylanaraq Azərbaycan Respublikasının qaçqınlarının və məcburi köçkünlərinin problemi məsələsi müzakirə olunmuşdur. Tədbir zamanı layihə rəhbəri və layihədə iştirak etmiş eksper və təlimçilərdə çıxış etmişdilər.
Layihənin müddəti 1 avqust 2016-cı il tarixindən 1 dekabr 2016-cı il tarixinədək (4 ay) dövrü əhatə edir.