Azərbaycan UNİCEF ilə əməkdaşlığını genişləndirib

Birgə Fəaliyyət Planı imzalanıb…

Birgə Fəaliyyət Planı imzalanıb.

İyunn 9-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə UNİCEF arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq istiqamətlərini əhatə edən birgə Fəaliyyət Planı imzalanıb.

Oxu.Az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə uşaqların sosial müdafiə hüquqlarının təminatı sisteminin güclənməsini vurğulayıb:

“Bu istiqamətdə aparılan işlərdə UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə bizim əməkdaşlığımız getdikcə genişlənir. “Sosial xidmət haqqında” qanunun hazırlanmasında, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ratifikasiyasında, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası sisteminin institusional və texniki baxımdan dəstəklənməsində bu əməkdaşlığın mühüm rolu var”.  

S.Müslümov bildirib ki, imzalanan Fəaliyyət Planında “Uşaq qayğı sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının icrası, uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafının texniki dəstəklənməsi, bu sahədə peşəkar kadr resurslarının artırılması əksini tapıb:

“Plan üzrə fəaliyyət istiqamətlərindən biri də nazirliyin tabeliyindəki bərpa mərkəzlərinin sosial reabilitasiya imkanlarının artırılması olacaq. Bu, reabilitasiya sferasında tibbi modellə yanaşı, sosial modelin tətbiqinin də genişlənməsinə yardım edəcək”, – nazir deyib.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard ötən müddətdə Azərbaycanla əməkdaşlığını uşaq hüquqlarının müdafiəsində birgə və səmərəli səylər göstərilməsinin yaxşı bir nümunəsi kimi dəyərləndirib. M.Herevard imzalanan Planın zəruri iş sahələrini kifayət qədər dəqiq və dolğun şəkildə əhatə etdiyini deyib, aparılacaq işlərin Azərbaycanda uşaqlara qayğı sisteminin daha da təkmilləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Fəaliyyət Planında 2014-2015-ci illərdə görüləcək işlər sırasında respublikanın regionları üzrə sosial xidmətlərə ehtiyacları əks etdirən “Sosial xəritələşmə” layihəsi əsasında 2015-ci və sonrakı illər üçün prioritet istiqamətlərin müəyyən olunması da yer alıb.

 

/Oxu.az/