Azərbaycan və Böyük Britaniya əlaqələri genişlənir

Hazırda ölkəmizdə 500 İngiltərə şirkəti uğurla fəaliyyət göstərir…

Hazırda ölkəmizdə 500 İngiltərə şirkəti uğurla fəaliyyət göstərir.

Bu gün İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqston ilə görüşüb.

Oxu.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, görüşdə Şahin Mustafayev sentyabrın 20-də təməl qoyulmuş Cənub Qaz Dəhlizi layihəsinin mühüm əhəmiyyətini vurğulamış, neft-qaz sahəsində iri infrastruktur layihələrinin icrasında Böyük Britaniyanın xüsusi rolunu qeyd etmişdir.

“Ölkəmizdə makroiqtisadi sabitliyin təmin edildiyini, Azərbaycanda investorlar üçün əlverişli şəraitin yaradıldığını vurğulayan Şahin Mustafayev Azərbaycanda Böyük Britaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini, hazırda Azərbaycanda 500 İngiltərə şirkətinin uğurla fəaliyyət göstərdiyini vurğulamış, ölkələrimiz arasında infrastruktur, İKT, turizm, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırmışdır. Nazir Böyük Britaniya ilə əlaqələrin daha da genişləndirilməsi üçün hökumətlərarası birgə komissiyanın yaradılmasını təklif etmişdir.

Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqston Azərbaycanın neft və qeyri-neft sektorlarının inkişafını, ÜDM-in sürətli artım tempini yüksək qiymətləndirmiş, hökumətlərarası birgə komissiyanın yaradılması təklifini dəstəklədiyini bildirmişdir. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdıran Livinqston yaxın vaxtlarda Böyük Britaniyadan Azərbaycana biznes nümayəndə heyətinin gələcəyini qeyd etmişdir”, – deyilir məlumatda.

 

/oxu.az/