Azərbaycan və Rusiya orduları birgə təlimlər keçirəcəklər

İki ölkənin müdafiə nazirlikləri Əməkdaşlıq Planı imzalayıblar…

İki ölkənin müdafiə nazirlikləri Əməkdaşlıq Planı imzalayıblar.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüş zamanı hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələləri, həmçinin regional və qlobal təhlükəsizlik problemləri müzakirə edilib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanda səfərdə olan Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu keçirdiyi görüşün yekunları üzrə bildirib.

“Şübhəsiz ki, bizim işimizin mühüm istiqamətlərindən biri Xəzər dənizində dövlətlərarası qarşılıqlı əlaqənin möhkəmləndirilməsidir. Bu məqsədlə Xəzərdə kollektiv təhlükəsizlik sisteminin yaradılması, hava gəmilərinin qəzalılıq profilaktikası və hərbi dənizçiliyin şəffaflığı sahələrində qarşılıqlı əlaqələri, əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirləri müzakirə etdik”, – deyə, Şoyqu bildirib.

Onun sözlərinə görə, “Xəzərdə kollektiv təhlükəsizlik sisteminin yaradılması istiqamətində ilk mərhələ hərbi-dəniz qüvvələri komandanlarının şurasının yaradılması və Xəzər dənizində və onun üzərindəki hava məkanında insidentlərin qarşısının alınması haqqında beştərəfli (beş Xəzəryanı dövlət arasında) Saziş layihəsinin hazırlanması ola bilərdi”.

Serqey Şoyqu və Zakir Həsənov həmçinin Rusiya Federasiyası Müdafiə Nazirliyi və Azərbaycanın Respublikasının Müdafiə Nazirliyi arasında 2015-ci il üçün Əməkdaşlıq planını imzalayıblar.

“Hazırda 2013-2015-ci illərdə Rusiya Federasiyası və Azərbaycan Respublikasının hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığının inkişafı proqramını həyata keçirirk”, – deyə, Şoyqu qeyd edib.

Onun sözlərinə görə, danışıqlar zamanı “hərbi kadrların hazırlanması sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub”.

“Hazırda Rusiyanın Müdafiə Nazirliyinin tədris müəssisələrində 57 azərbaycanlı hərbçi əvəzsiz əsasda təlim keçirlər”, – deyə, rusiyalı nazir bildirib.

Onun sözlərinə görə, “kadrların təhsili və hazırlanması hərbi-texniki əməkdaşlıq xətti ilə Azərbaycan ordusu üçün göndərilən hərbi texnika tədarükünü nəzərə almaqla, çox ciddi məqamdır”.

“Biz Azərbaycan ordusu üçün əlavə mütəxəssislərlə bağlı ərizə aldıq və bu ərizə qəbul olundu”, – deyə, Şoyqu bildirib.

Rusiyanın və Azərbaycanın müdafiə nazirlikləri 2015-ci ildə bir sıra birgə hərbi-dəniz təlimləri keçirməyi planlaşdırırlar.

“2015-ci ildə bir sıra birgə hərbi-dəniz təlimləri keçirməyi planlaşdırırıq. Təlimlərdə gəmiçiliyin mühafizəsi, dənizdə iqtisadi fəaliyyətin təhlükəsizliiynin təmin olunması, həmçinin xilasetmə və humanitar köməyin göstərilməsi üzrə hərəkətləri təkrarlayacağıq”, – deyə, Şoyqu vurğulayıb.

“Xəzərdə əməkdaşlığın digər istiqamətlərini də inkişaf etdirəcəyik. Xüsusilə də, transsərhəd cinayətkar qruplarının hüquqazidd fəaliyyətinə qarşı birgə mübarizə üçün dənizçiliyin naviqasiya-hidroqrafik təminatı və suüstü şərait haqqında informasiya mübadiləsi sahəsində. Gəmilərin ölkələrin limanlarına qarşılıqlı səfərləri təcrübəsini davam etdirəcəyik, gələn il Xəzər donanması gəmilərinin (Rusiyanın – red.) Bakı limanına səfəri planlaşdırılır”, – deyə, Rusiya Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiyanın hərbi idarələri qarşılıqlı fəaliyyətə daha çox praktiki istiqamət vermək niyyətindədirlər.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov öz növbəsində qeyd edib ki, tərəflər “Xəzərdə birgə komanda-qərargah və taktiki təlimlərin” keçirilməsi haqqında razılıq əldə ediblər.

www.oxu.az