Azərbaycan XİN: Dağlıq Qarabağ münaqişəsi gec və ya tez nizamlanacaq

Dağlıq Qarabağ münaqişəsi gec və ya tez nizamlanacaq….

Dağlıq Qarabağ münaqişəsi gec və ya tez nizamlanacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Baş Assambleyası və Direktorlar Şurasının iclasında deyib.

Onun sözlərinə əsasən, həll edilməsi mümkün olmayan münaqişələr yoxdur: “Danışıqlara bilavasitə cəlb edilmiş insan kimi deyə bilərəm ki, nikbinlik üçün səbəblər var. Biz münaqişəni hər şeyə rəğmən, həll edəcəyik, çünki o, hazırki dondurulmuş vəziyyətdə qala bilməz “.

E.Məmmədyarov qeyd edib ki, bunun üçün aydın beynəlxalq hüquqi baza, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi var: “Bütün ölkələr BMT-nin tərkibinə daxil olarkən təşkilatın qətnamələrinə əməl edəcəklərinə dair öhdəliklər götürürlər. Bu məsələ Ermənistanla olduqca mürəkkəbdir. Lakin Ermənistan rəhbərliyində sağlam düşüncəli insanlar olacaq və onlar başa düşəcəklər ki, qonşularla yaxşı münasibətlər ölkənin uğurunun təminatıdır “.

Nazir əlavə edib ki, Ermənistanın indiki rəhbərliyinin uzaqgörən olmayan siyasəti nəticəsində ölkə Cənubi Qafqazda həyata keçirilən bütün ciddi layihələrdən kənarda qalıb.

E.Məmmədyarov ümid etdiyini bildirib ki, münaqişə yaxın gələcəkdə öz həllini tapacaq.

 

/Trend/