Azərbaycanda 5-6 bankın fəaliyyəti dayandırıla bilər

“Əmanətçilər və müştərilər üçün qorxulu hal yoxdur”…

“Əmanətçilər və müştərilər üçün qorxulu hal yoxdur”.

Bank kapitalının 99%-ni əhatə edən banklar Mərkəzi Bankın kapital tələbini yerinə yetirəcəklər.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, ölkədə 5-6 bankın AMB-nin kapitala olan tələbini yerinə yetirməyəcəyi proqnozu var.

Bununla belə, E.Rüstəmov bu bankların aktivlərinin ümumi bank aktivlərinin 1%-i ətrafında olduğunu söyləyib. Üstəlik, AMB rəhbəri əlavə edib ki, bu banklarda əhalinin əhəmiyyətli həcmdə əmanətləri olmadığından əmanətçilər və müştərilər üçün qorxulu bir hal yoxdur.

E.Rüstəmov bildirib ki, kapital tələbini yerinə yetirməyən banklardan ikisi xarici kapitallı bankdır:

“Ümid edirik, xarici kapitallı banklar bir tədbir görəcəklər, hazırda onlar ilə danışıqlarımız gedir. Bir daha deyirəm, bu banklar çox zəif banklardırlar. Kapital tələbini yerinə yetirə bilməyən banklar ilə fərdi şəkildə rəftar olunacaq. Biz onlar ilə müxtəlif ssenariləri müzakirə edirik, gəlin bu barədə danışmağa tələsməyək”.

Qeyd edək ki, Mərkəzi Bankın kapitallaşma üzrə tələbini yerinə yetirməyən bankların lisenziyasının dayandırılacağı gözlənilir. Mərkəzi Bank kapital tələbini yerinə yetirə bilməyən banklara birləşməyi və ya bank olmayan kredit təşkilatına çevrilməyi tövsiyə edir.

www.oxu.az