Azərbaycanda çalışan əcnəbilərin sayı açıqlandı

Fond məlumat yaydı…

Fond məlumat yaydı.

2015-ci ilin aprel ayının 1-nə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 2,56% artıb.

Bu barədə Oxu.Az-a DSMF-dan məlumat verilib.

Fondun məlumatına görə, mart ayı ərzində əlavə olaraq 175 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 23 min 90 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,94%-ni (20 537 nəfər) kişilər, 11,06%-ni (2 553 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (12 231 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2608 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1352 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (893), Çin Xalq Respublikası (766), Hindistan (641), Pakistan İslam Respublikası (476), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (383), Ukrayna (272), Özbəkistan (242), Banqladeş Xalq Respublikası (207), Almaniya Federativ Respublikası (199), Filippin Respublikası (196), Türkmənistan Respublikası (188), ABŞ (174), Qazaxıstan Respublikası (169), İtaliya Respublikası (157), Koreya (143) və s. ölkələr qərarlaşıb.

Qeyd edək ki, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

www.oxu.az