Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində əsaslı işlər görülüb

Dövlət Miqrasiya Xidmətində (DMX) BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Fondunun rezident nümayəndəsi Qulam İsakzai ilə görüş keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə BMT-nin müvafiq qurumları ilə Xidmət arasında uzun müddət həyata keçirilən əməkdaşlığa nəzər salınıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə olunmuş uğurların, sosial-iqtisadi nailiyyətlərin, sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəticəsində respublikamızın miqrasiya baxımdan mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrildiyini deyib. Bildirib ki, miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində ölkəmizdə əsaslı işlər görülüb. Qanunvericilik təkmilləşdirilib, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqi sadələşdirilib.

Görüşdə müasir dünyada miqrasiya və miqrantlar mövzusunun aktuallığına diqqət çəkilib. Avropada yaşanan miqrant böhranından danışılıb. Xidmət rəisi Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində böyük miqrasiya problemi – bir milyon qaçqın və məcburi köçkün axını ilə üzləşdiyini qeyd edib. Bu gün də təcavüzün davam etdirildiyini bildirib və Azərbaycan hökumətinin qaçqın və məcburi köçkün həyatı yaşayan həmin insanların problemlərinin həlli üçün gördüyü işlərə, eyni zamanda, Ermənistanın təxribatı nəticəsində cəbhə bölgəsində baş verən hadisələrə toxunub.

Əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulduğuna diqqət çəkən F.Nəbiyev respublikamızda vətəndaşsızlıq hallarının qısa zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə görülən işlərdən danışıb.

Görüşdə Dövlət Miqrasiya Xidməti ilə BMT-nin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Qulam İsakzai xüsusi vurğulayıb ki, Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət bütün istiqamətlərdə, o cümlədən miqrasiya sahəsində özünün müsbət nəticələrini göstərməkdədir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC