Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 6,2 milyard manatdan çox vəsait sərf olunub

Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 6,2 milyard manatdan çox vəsait sərf olunub

Azərbaycan əhalisinin ən həssas və zərif hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Baş nazirin müavini qeyd edib ki, Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Şəhər və rayonlar tərəfindən bu məqsədlə ayrılmış yararsız ərazilər salınmış qəsəbələr hesabına tam abadlaşdırılıb, texniki infrastruktur yenilənib və bu ərazilər yaraşıqlı yerlərə çevrilib. Yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib. Görülən bütün bu işlərin və sərf olunan vəsaitin 90 faizi dövlət başçısı İlham Əliyevin 13 illik prezidentlik fəaliyyəti dövründə icra edilib.

Əli Həsənov bildirib ki, son 13 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib. Bu da 2003-cü illə müqayisədə 2 dəfə çoxdur. Nəticədə məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faizdən 12 faizədək azalıb. Məcburi köçkünlərin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı məqsədi ilə 11 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb.

 

AZƏRTAC