Bakıda nəqliyyat kartlarının yüklənməsi üzrə yeni xidmət tətbiq ediləcək

Paytaxtın ödəniş terminallarında nəqliyyatda gediş haqqı üçün kartların ( “Yolkart “) balansını artırmaq mümkün olacaq…

Paytaxtın ödəniş terminallarında nəqliyyatda gediş haqqı üçün kartların ( “Yolkart “) balansını artırmaq mümkün olacaq. Bu məlumatı Trend-ə “Komtec ” (MilliÖN ödəmə sisteminin quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) və eManat özünəxidmət terminalları şəbəkəsinin məxsus olduğu “Modenis ” şirkətindən təsdiqləyiblər.

“Modenis ” şirkətindən Trend-ə bildiriblər ki, nəqliyyat kartlarının balansını artırmağın yeni üsulu ilin sonunadək əlçatan olacaq. “Yolkart “ın balansının artırılması xidmətinin açılması “Komtec ” şirkətinin də perspektiv planlarına daxildir.

Nəqliyyat kartlarının yüklənməsi üçün hərəkətlərin ardıcıllığı su və qaz sayğacları üçün smart-kartlara balans doldurulması proseduruna analoji olacaq.

“Yolkart ” nəqliyyat kartları “Bank of Azerbaijan “ın “MasterCard ” bazasında buraxılır. Nəqliyyat kartının qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Karta eyni zamanda ən azı 1 manat yükləmək mümkündür. Hesablama qurğusu – validatorlar təqribən 1000 avtobusda quraşdırılıb. Sistemin yayılması prosesi 2014-cü ilin sonunda başa çatacaq. Bundan başqa, daha 500 validator quraşdırılacaq.

 

/Trend/