Baş nazirin müavini: “Ermənilərin atəşi nəticəsində 450-dən çox məcburi köçkün evi zərər çəkib”

Baş nazirin müavini: “Ermənilərin atəşi nəticəsində 450-dən çox məcburi köçkün evi zərər çəkib”

Baş nazirin müavini, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam və Füzuliyə səfər edib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ə. Həsənov əvvəlcə Füzuli rayon Bala Bəhmənli kəndi ərazisində məcburi köçkünlər üçün yeni inşa olunan köçkün şəhərciyinə gedərək tikinti işləri ilə tanış olub.

Daha sonra Ağdama gələn komitə sədri, aprel ayının əvvəlində və sonunda erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində mərmi düşən evlərə baxıb. Baş nazirin müavini Baharlı məcburi köçkün düşərgəsində ailələrlə görüşüb, məcburi köçkün uşaqların təhsil aldığı məktəblərdə təhsilin keyfiyyəti ilə maraqlanıb.

Ə. Həsənov bildirib ki, erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutması nəticəsində dağılan evlərin bərpasına start verilib: “Təxminən 450-dən çox məcburi köçkün ailəsinin mənzili zərər çəkib, onların 50-si tamamilə dağılıb. Dağılan evlər əsasən Tərtər rayonu ərazisindədir”.

Baş nazirin müavini onu da deyib ki, son döyüşlərdə şəhid olan şəxslərin 17 nəfəri məcburi köçkündür.

Apa.az