BMT-nin baş katibinə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyətinə dair sübutlar təqdim edilib
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin təşkilatın baş katibi Pan Gi Muna Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyət haqqında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məruzəsini (sənəd A/70/1016–S/2016/711) təqdim edən məktubu BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılıb.
Azərbaycanın daimi nümayəndəsi BMT baş katibinin diqqətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və işğal edilmiş digər ərazilərində Ermənistanın davam edən qanunsuz fəaliyyətinə, o cümlədən mühacirlərin bu ərazilərdə yerləşdirilməsi, tarixi və mədəni irsin məhv edilməsi və öz adlarına çıxılması, təbii ehtiyatların və digər sərvətlərin quldurcasına istismar edilməsi və satılması hallarına dair məruzədə yer alan əsaslı sübutlara yönəldir.
Qeyd edilir ki, bu fəaliyyət beynəlxalq birlik tərəfindən əvvəllər edilmiş xəbərdarlıqlara və qınaqlara rəğmən və münaqişənin tezliklə siyasi yolla tənzimlənməsinə yönələn səylər fonunda həyata keçirilir. Azərbaycanın səfiri vurğulayır ki, Ermənistan münaqişənin tənzimlənməsi prosesində iştirakı imitasiya edir, Azərbaycanın işğal edilmiş ərazilərində onun siyasəti və fəaliyyəti regionda sülhə, təhlükəsizliyə və sabitliyə təhlükədir, Ermənistan silahlı qüvvələrinin bu ərazilərdə qeyri-qanuni mövcud olması isə sabitliyi pozan əsas amil və sülhə nail olunması yolunda başlıca maneədir.
Məktubda Ermənistan tərəfinin “insan haqları” və ya “humanitar yardım” qondarma bəhanələrlə Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyəti gizlətmək cəhdləri inandırıcı şəkildə təkzib edilir. Azərbaycanın daimi nümayəndəsi yazır: “Hər şeydən əvvəl, Azərbaycanın işğal edilmiş ərazilərində münaqişəyədək mövcud olan demoqrafik tərkibi bu ərazilərdə ermənilərin sayının süni şəkildə artırılması və yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz evlərinə və mülklərinə qayıtmasına imkan verilməməsi yolu ilə dəyişdirmək cəhdlərini, habelə əmlakın məhv edilməsini və mənimsənilməsini öz xarakterinə görə heç vəchlə humanitar və insan haqları sahəsində standartlarla uzlaşan cəhdlər hesab etmək olmaz…”.
Azərbaycanlı diplomat XİN-in məruzəsində çıxarılan nəticələrə istinad edərək, Azərbaycanın işğal edilmiş ərazilərində təbii ehtiyatların və digər sərvətlərin istismarından Ermənistanın əldə etdiyi aşkar maddi mənfəətlə onun münaqişənin tənzimlənməsi prosesində qeyri-konstruktiv mövqeyi arasında birbaşa əlaqəyə diqqəti yönəldir.
Vurğulanır ki, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən fəaliyyət beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini və digər beynəlxalq təşkilatların bu münaqişəyə dair sənədlərini kobudcasına pozur. Bununla əlaqədar, Ermənistanın öz beynəlxalq öhdəliklərinə qeyd-şərtsiz riayət etməsinin təmin olunması üçün beynəlxalq birliyin məsuliyyəti xüsusilə xatırladılır.
BMT baş katibinin və beynəlxalq birliyin üzvlərinin diqqəti həm də bütün dövlətlər tərəfindən öz beynəlxalq öhdəliklərinə müvafiq olaraq onların fiziki və hüquqi şəxsləri tərəfindən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı istənilən fəaliyyətin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunda və digər işğal edilmiş ərazilərində hər hansı qanunsuz fəaliyyətdə iştirakın və ya bu cür fəaliyyətə kömək etməyin qarşısını almağa imkan verən səmərəli tədbirlər görməyin vacibliyinə yönəldilib.
Məktubda vurğulanır ki, münaqişə yalnız Azərbaycan Respublikasının suverenliyi və onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həll edilə bilər. Azərbaycanın BMT yanında daimi nümayəndəsi yazır: “Ermənistan bu qaçılmaz reallığı nə qədər tez qəbul etsə və öz silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarsa, münaqişə bir o qədər tez tənzimlənəcək, hər iki ölkə və onların xalqları əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən bəhrələnə biləcək, bu da onların 2030-cu ilədək olan dövrdə davamlı inkişafın gündəliyinin uğurla həyata keçirməsinə imkan verəcək”.
Sonda Azərbaycan səfiri BMT-nin 2015-ci il sentyabr sammitində qəbul edilmiş “Dünyamızın dəyişməsi: 2030-cu ilədək olan dövrdə davamlı inkişaf sahəsində gündəlik” adlı yekun sənədinə diqqəti yönəldir. Bu sənəddə dövlət və hökumət başçıları və ali nümayəndələr sülhsüz davamlı inkişaf və davamlı inkişafsız sülh ola bilməyəcəyini bəyan edib, dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmətlə yanaşmağın vacibliyini, habelə dövlətlərin özlərinin bütün sərvətləri, təbii ehtiyatları və iqtisadi fəaliyyəti üzərində tam və daimi suverenliyini təsdiq ediblər (BMT Baş Məclisinin 70/1 nömrəli qətnaməsi).
AZƏRTAC