BP Azerbaijan-ın rəsmisi təsdiqlədi: İxtisarlar olacaq

“Təşkilatımızın daha sadə və səmərəli olması lazımdır”…

“Təşkilatımızın daha sadə və səmərəli olması lazımdır”.

BP-nin Azərbaycanda icraçısı olduğu layihələr uzun müddətli və çox əhəmiyyətli layihələrdir. Şirkət bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək. Bu layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək.

Bu barədə Oxu.Az-a BP Azerbaijan şirkətinin mətbuat xidmətinin rəhbəriTamam Bayatlı bildirib.

Qeyd edək ki, bundan əvvəl The Guardian-a açıqlama verən BP şirkətinin icraçı direktoru Robert Dadli neftin azalmaqda olan qiyməti ilə əlaqədar şirkətin ABŞ, Böyük Britaniya, Almaniya və Azərbaycandakı bölmələrində ixtisarlar aparılacağını bildirmişdi.

Tamam Bayatlı BP Azerbaijan-da ixtisarlar aparılacağını birbaşa söyləməsə də, dolayısı ilə təsdiqləyib:

“Bununla belə, aydındır ki, indiki mühitdə biz rəqabətqabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara baxırıq, o cümlədən lazımsız təşkilati mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarına baxırıq. Təbii, biznes fəaliyyətinin tələblərinə uyğun olaraq təşkilatımızın daha sadə və səmərəli olması lazımdır və bu da bizim daha rəqabətqabiliyyətli olmağımızı təmin edəcək”.

Tamam Bayatlı həmçinin ixtisarların təhlükəsizlik və əməliyyatlar sahəsində olmayacağını da dolayısı ilə açıqlayıb:

“Bununla belə əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq.

Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu, bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla biz həm də daha güclü və daha rəqabətqabiliyyətli olaq”.

www.oxu.az