Bu gün iki Milli Qəhrəmanımızın doğum günüdür

“Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”, deyib özünü partladan igidimiz…

“Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”, deyib özünü partladan igidimiz…

Bu gün Azərbaycanın Milli Qəhrəmanları Rasim İbrahimov və Fariz Mədətovun doğum günüdür.

Oxu.Az xəbər verir ki, İbrahimov Rasim Səxavət oğlu 18 aprel 1962-ci ildə Bakı şəhəri Əzizbəyov rayonunun Çilov adasında neftçi ailəsində anadan olub. 

1969-cu ildə buradakı 131 saylı məktəbin birinci sinfinə gedib və səkkizinci sinfədək həmin məktəbdə təhsil alıb. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İsmayılov 1979-cu ildək burada oxuyub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan R.İsmayılov 1992-ci ildə o Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. 

Bu tabor Füzuli rayonunun kəndlərini mərdliklə qoruyurdu. Onların taboru 1992-ci il 26 iyun Tuğ kəndi uğrunda döyüşə girir. Onlarla erməni quldurunu məhv edən döyüşçülər digər dəstənin gəlib çatmamasından mühasirəyə düşürlər. Cəsur komandir R.İbrahimov döyüşçü dostlarını mühasirədən xilas edərkən özü düşmənin mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R.İsmayılov “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”, – deyərək özünü qumbara ilə partladır. Ailəli idi, iki övladı yadigar qalıb. Oğlu bu gün atasının yolunu davam etdirir.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Çilov adasında abidəsi ucaldılıb, qəhrəmanımızın adına burada bağ salınıb.

Fariz Əlövsət oğlu Mədətov 1972-ci il aprelin 18-də Yevlax rayonunun Varvara kəndində anadan olub. O xüsusi təyinatlı hərbi hissənin tərkibində Qubadlı, Füzuli, Kəlbəcər, Tərtər istiqamətlərində döyüşlərdə rəşadətlə vuruşub. 

O, cəsur kəşfiyyatçı kimi ad çıxardıb, mühüm hərbi tapşırıqları yerinə yetirib. Dəfələrlə yaralanıb, amma Milli Ordunun sıralarında qalıb. 1996-cı ildə yaraları incitdiyinə görə Ordu sıralarından tərxis olunub. 

Hazırda kapitan rütbəsində Yevlax polis orqanlarında çalışır. 

www.oxu.az