Cəbhə xəttindəki gərginlikdən ən son xəbər

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan,…

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 105 dəfə pozub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa, Ermənistanın işğalı altında olan Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qızıloba, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Cəvahirli, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, eləcə də Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

 

/Trend/