Cəbhədə ən son baş verənlər

Kiçik çavuş Orxan İlqar oğlu Hacıyev minaya düşüb…

Kiçik çavuş Orxan İlqar oğlu Hacıyev minaya düşüb.

Cəbhənin Qazax istiqamətində müddətdən artıq xidmət edən hərbi qulluqçumuz, kiçik çavuş Orxan İlqar oğlu Hacıyev minaya düşüb.

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri Tərtərin cəbhə xəttində yerləşən Qapanlı kəndinin dinc sakinlərini atəşə tutub. Bu dəfə əkin sahəsində taxıl biçən fermerlər qarşı tərəfin gülləbaranına tuş gəlib. Atılan güllələrdən biri traktorla sahədə işləyən Namiq Əliyevə dəyib. Yonca sahəsini sulayan fermerlər isə zorla canlarını qurtardıqlarını deyir.

Fermer Ənvər Abdullayev bildirir: 

“Güllə atanda oturdum aşağı, sonra yumalandım yerimi dəyişdim ki, həmin yeri vurmasınlar. 1 saat oturdum sonra arxın içi ilə çıxdım başa”.

Ayağından güllə yarası alan Namiq Əliyev deyir ki, əkin sahəsindən sürünərək çıxmaq məcburiyyətində qalıb. Yaxınları onu Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Yaralıya dərhal tibbi yardım göstərilib. Qanaxmanın qarşısı alınıb. Hazırda xəstənin vəziyyəti normal qiymətləndirilir.

Namiq Əliyev hadisəni belə xatırlayır:

“Atışma düşdü, mən tullandım yerə, məni yerdə vurdular. Sahədə kombayn da var idi, başqa adamlar da. Bizə güllə atanda onlar gizləndilər”.

Qapanlıda gərgin vəziyyət gecəboyu da davam edib. Kənd sakinləri mal-qaranı yalnız hava qaralandan sonra otlaq sahələrindən çıxara bilib.

 

/Oxu.az/