Cəbhədə gərginlik davam edir: Iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozan ermənilər bu dəfə Ağstafanı da hədəfə aldılar

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan,…

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 122 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Çaylı, Göyarx, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kəngərli, Novruzlu, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, eləcə də Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

 

/Trend/