Daha 661 şəhid hərbi qulluqçunun vərəsələrinə birdəfəlik ödəmə veriləcək

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən komissiya növbəti iclasında şəhid hərbi qulluqçulardan daha 661 nəfərinin 954 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, qəbul olunmuş qərar əsasında onların siyahısı müvafiq ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib. Birdəfəlik ödəmə — 11 min manat vəsait onların bank hesablarına köçürüləcək və bu barədə onların sənədlərini təqdim edərkən qeyd etdikləri telefon nömrələrinə elektron qaydada sms-bildiriş göndəriləcək.

Bununla da indiyədək 3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3100 şəhidin 4200 vərəsəsinə ödəniş edilib.

Xatırladaq ki, dövlət başçısının 2019-cu il 28 yanvar tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin, o cümlədən vərəsələri 11 min manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin vərəsələri də daxil edilib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-ə çatıb. Bunun üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

Azərtac