Daşkənddəki uchildiz.uz portalında Qarabağ xalçaları haqqında məqalə yer alıb

Daşkənddəki uchildiz.uz portalında Qarabağ xalçaları haqqında rus dilində geniş məqalə yer alıb.

AZƏRTAC xəbər verir ki, materialda Qarabağ xalçaları haqqında ətraflı məlumat verilir. Bildirilir ki, bu xalılar 33 müxtəlif kompozisiyadan – “Bağçadagüllər”, “Aran”, “Buynuz”, “Bərdə”, “Bəhmənli”, ”Qarabağ”, “Qasımuşağı”, “Ləmbərani”, “Malıbəyli”, “Xanqərvəndi”, “Xanlıq”, “Xantirmə”, “Çələbi”, “Şabalıdbuta” və digərlərindən ibarətdir. Yazıda bu növ xalçalar haqqında ayrı-ayrılıqda söhbət açılır.

Bildirilir ki, Qarabağ xalçaları dörd qrupa bölünür və əsasən Şuşada, Qarabağın ətrafında, o cümlədən Bərdə, Ağdam, Cəbrayıl, Qubadlı rayonunda və Füzulinin Horadiz və digər kəndində toxunan xalçalardan söz açılır. Qarabağ xalçaları haqqında hələ X əsrdə ərəb tarixçiləri al-Muqaddasi, Masudi və digərlərinin əsərlərində rast gəlinir. XIX əsrin ikinci yarısından isə Qarabağda süjetli xovlu xalçalar toxunmağa başlanıb. “Atlı-itli”, “İtli-pişikli”, “Maral-ceyran” adlı xalçaları bu növə aid etmək olar.

Məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri