“Heç bir dövlət Qərbdə Ermənistan qədər lobbiçiyə malik deyil”…
“Heç bir dövlət Qərbdə Ermənistan qədər lobbiçiyə malik deyil”.
Oxu.Az-ın suallarına Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovcavab verir.
– İnsan haqları üzrə Avropa Məhkəməsi (İHAM) məcburi köçkünə çevrilmiş Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasına dair “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərar qəbul edib. Bu qərarı necə şərh edərdiniz?
– Bu qərar mahiyyətcə vacibdir, amma sehirli qüvvəyə malik deyil
Yeri gəlmişkən, İHAM “Sarkisyan Azərbaycan Respublikasına qarşı” iş üzrə də qərar qəbul edib (qərarda deyilir ki, “erməni qaçqınlarının haqları Dağlıq Qarabağ ətrafında gedən münaqişə ucbatından Azərbaycanda qoyub getməli olduqları mülkiyyətlərinə əlləri çatmadığı üçün pozulub”- red.). Faktiki olaraq Avropa Məhkəməsi öz münasibətini tarazlaşdırıb və onun realizəsini münaqişənin həllinə qədər təxirə salıb.
– Yəni Avropa Məhkəməsinin qərarında heç bir direktiv, iddianın təmin edilməsinə dair dəqiq müddət yoxdur.
– Xeyr, heç bir realizə haqqında söhbət getmir. Qərara müvafiq olaraq biz bir il danışmalı və hansısa həll yollarını tapmalıyıq. Buna, əgər sülh yaranarsa, o zaman bu məsələnin həlli tapılacağına ümid edilərək bir il müddət verilir. Mən qaçqınlara və məcburi köçkünlərə təzminatı nəzərdə tuturam.
Bununla yanaşı, qəbul edilən qərarda bizim üçün çox mühüm bir məqam mövcuddur. Faktiki olaraq orada Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edildiyi etiraf edilir. Yeri gəlmişkən, keçmiş Şaumyan (indiki Xətai rayonu) rayonundan olan erməninin iddiasında da məhz ermənilərin Azərbaycan ərazisinin işğalı, ermənilərin yaratdıqları bu hərbi münaqişənin nəticəsində həmin erməninin zərər çəkdiyi etiraf edilir.
Mahiyyətcə bu, bizim üçün vacibdir. Problemə hüquqi təsnifat verilib.
– Məhz buna görə də Moldovanın ictimai palatasının sədri Aureliya Qriqoriu beynəlxalq mühakimə orqanının qərarını Azərbaycan üçün tarixi adlandırıb.
– Mən İHAM tərəfindən verilən bu dəyərləndirmənin BMT Təhlükəsizlik Şurasının dörd bəyannaməsinin qiymətləndirməsindən yüksək olduğunu deməzdim. Avropa Məhkəməsi bu halda BMT-nin qərarlarından çıxış edir.
– İnsan haqları üzrə Avropa Məhkəməsindəki işin bir rezonansına da toxunmaq istərdim, doğrudur, bu, birbaşa Azərbaycana aid deyil. Bakı ermənilərin 1915 erməni soyqırımına dair məşhur “Perinçek İsveçrəyə qarşı” işində Türkiyəni dəstəklədi. Türkiyəyə bizim dəstəyimiz nə dərəcədə vacibdir?
– Mən əminəm ki, biz Türkiyəni bu iş Ermənistana aid olmasa da dəstəkləyəcəkdik. Axı “Bir millət – iki dövlət” tezisi məhz belə həmrəyliyin nümayişini tələb edir. Bundan başqa, bizim düşmənimiz eynidir. Ona görə də burada gözlənilməz heç nə yoxdur, bu, təbiidir. Bizim imkanımız olduğu halda bunu etməsəydik, bu düzgün olmazdı.
– İHAM-ın azərbaycanlı qaçqınlarla əlaqədar qərarına qayıdaq. Beləliklə, növbəti beynəlxalq struktur, həm də Avropanın ali mühakimə instansiyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü tanıdı. Bəs onu niyə demək olar ki, hər gün Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyündən danışan Avropa İttifaqı tanımaq istəmir?
– Burada iki məqam var. Heç bir dövlət, hətta Ukrayna belə qərbi ölkələrdə Ermənistan qədər lobbiçilərə malik deyil. Bununla yanaşı, digər prinsipial mühüm məqam var. Qarabağ hərəkatı və ermənilərin davranışını Qərb Sovet İttifaqında deziniqrasiyanın başlanğıcı kimi qəbul edir.
Bu mənada onlar ermənilərin güzəştə və hansısa mükafata ümid etmələrinə haqlarının çatdığını düşünürlər. Amma Krımın Rusiyaya birləşdirilməsini və Donbassda, Dnesteryanında, Abxaziyada və Cənubi Osetiyada baş verənləri isə Qərbdə, postsovet məkanında reinteqrasiyanın Rusiyanın əlində olduğu kimi qəbul edirlər. Bax buna görə də avropalılarda Qarabağa münasibət fərqlidir.