Ekspert: İrəvana görə heç kim KTMT-nin nizamnaməsini pozmayacaq – MÜSAHİBƏ

“Heç kim Bakını Astana qədər yaxşı başa düşmür”…

“Heç kim Bakını Astana qədər yaxşı başa düşmür”.

Oxu.Az-ın suallarına postsovet məkanında münaqişələr üzrə ekspertDaniyar Qasımov (Qazaxıstan) cavab verir.

– Ermənistan müxtəlif səviyyələrdə “KTMT və Aİ-nin bəzi ölkələrinin qarşılıqlı dəstəyə dair ümumi razılığı”na baxmayaraq Azərbaycanı dəstəkləmə istiqamətində addımlarına qarşı öz narazıçılığını bildirməyə cəhd edir.

Sonuncu dəfə Dövlət Dumasının spikeri Narışkinə müttəfiqlərin bu hərəkətlərinə dair erməni vitse-spikeri Şarmazanov şikayət edib. Bu “müttəfiq” vəzifələrinin Qazaxıstan tərəfindən pozulmasına dair ittihamları necə qiymətləndirərdiniz?

– Heç bir müttəfiq vəzifələrinin pozulması baş verməyib. KTMT və Aİ-yə üzv olmaq qardaş Qazaxıstan və Azərbaycan arasında münasibətlərə maneə deyil. KTMT məlum olduğu kimi öz üzvlərini xarici aqressiyadan qorumalıdır. Bildiyimiz kimi Azərbaycan Ermənistanın ərazisinə iddialı deyil. O, sadəcə haqlı olaraq, işğal edilmiş ərazilərində nəzarəti bərpa etmək istəyir. Bu, Azərbaycanın təxminən 20% ərazisidir. Mən Dağlıq Qarabağı və ona yaxın yeddi rayonu nəzərdə tuturam. Əgər BMT-nin TŞ Ermənistanı Dağlıq Qarabağdan qoşunlarını çıxarmağa çağıran dörd bəyannaməsi yerinə yetirilsəydi münaqişə çoxdan sona çatardı. Amma (Allah qorusun) Qazaxıstan KTMT-nin digər üzvlərindən yardım istəsə inanmıram ki, Ermənistan öz müttəfiqlik borcunu yerinə yetirə bilsin, belə ki, onun silahlı qüvvələrinin əksər hissəsi tarixən Azərbaycana məxsus olan torpaqların işğalı ilə məşğuldur.

Avrasiya İqtisadi İttifaqına gəldikdə isə bu, postsovet məkanında gənc iqtisadi strukturdur. Əlbəttə, onun üzvləri MDB-nin digər ölkələri ilə iqtisadi əlaqələri kəsə bilməzlər. O, cümlədən hal-hazırda yalnız postsovet məkanında deyil, eləcə də qlobal planda əsas iştirakçılardan hesab edilən Azərbaycan ilə də. Ölkənin inkişafının və çoxşaxəli siyasi və iqtisadi əməkdaşlığının əsası hələ Heydər Əliyev tərəfindən qoyulmuşdu. Bu gün biz bu yeganə doğru kursun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini görürük. Məlumdur ki, Qafqaz üzrə qonşuların əksəriyyəti iqtisadi baxımdan heç də yaxşı dövrlərini yaşamırlar. Azərbaycan haqqında bunu, əlbəttə ki, demək olmaz. Xalqın rifahının yaxşılaşdırılması – Azərbaycanın milli lideri İlham Əliyevin siyasətinin mühüm prioritetidir.

Mən Bakıda və Respublikanın bir sıra regionlarında 2009-cu ildə, ikinci dəfə isə bu yaxınlarda  olmuşam. Və cəmi beş il müddətində Prezidentinizin rəhbərliyi altında ölkənin çox şeyə nail olduğunu görürəm. Cavabımı yekunlaşdıraraq qeyd etmək istərdim ki, KTMT və ya Avrasiya İqtisadi İttifaqının guya ki, müttəfiq və ya əməkdaşlıq vəzifələrini pozmalarına dair heç nəyə əsaslanmayan bəyanatlar yalnız əməkdaşlıq ruhuna xələl gətirərək bu mühüm beynəlxalq təşkilatlar çərçivəsində inamı qırır.

– Necə hesab edirsiz, Moskva bu məsələyə dair Astana və Minskin mövqeyini dəyişməyə (ümumiyyətlə, əgər etsə) cəhd edə bilərmi?

– Minskin mövqeyinə dair yəqin ki, Belarus kolleqalarım daha yaxşı cavab verərlər. Astanaya gəldikdə isə o hər zaman davamlı xarici siyasət aparıb. Qazaxıstan hər zaman separatçılığın istənilən formasını qınayıb, belə ki, bu məfhum gərginliyin yeni ocaqlarını yaradır. Daha sadə dillə desək, heç bir günahı olmayan dinc əhali zərər çəkir. Bu planda 2008-ci il nümunə ola bilər. Xatırladığınız kimi, Kosova, daha sonra isə Gürcüstanın işğal edilmiş ərazisində iki birləşmənin özünüelanı baş tutdu. Qazaxıstan bu separatçı “respublikaları” tanımaqdan qətiyyətlə etiraz etdi. Heç bir zaman da tanımayacaq. Bizim ölkəmiz hər zaman beynəlxalq hüquq normalarına riayət edib.

Son illərdə bu prinsiplərin “pozulması”na baxmayaraq, onlara ciddi riayət etmək lazımdır. O cümlədən də müvəqqəti olaraq işğal altında olan Azərbaycan torpaqlarına dair. Cari məsələ üzrə Qazaxıstan prinsipial mövqe tutur – problem danışıqlar masası arxasında həll olunmalıdır. Dağlıq Qarabağ – postsovet məkanında bütün münaqişələrin təməlidir. Bu münaqişədən keçmiş SSRİ respublikalarında separatizm baş qaldırdı. Bu, Sovet İttifaqında separatçılığın ən köhnə nümunəsidir. Bildiyimiz kimi, o özünü 1988-ci ildə büruzə verib. Qondarma “Dağlıq Qarabağ Respublikası” dünya ölkələri tərəfindən tanınsa və ya Ermənistana birləşdirilsə, bu, 26 il bundan öncə olduğu kimi artıq MDB ölkələrində separat tendensiyasına təkan olacaq. Birlikdə heç bir sağlam düşüncəli siyasətçi bunda maraqlı deyil. Amma bu əslində mümkündür. Ukraynada nələrin baş verdiyinə baxın. Bir il bundan öncə kim deyə bilərdi ki, orada müharibə gedəcək? Ona görə də hər bir riski hesablamaq və onlara öncədən adekvat cavab vermək lazımdır. Ona görə də Qarabağ probleminə dair Qazaxıstanın mövqeyinə təsir edə bilməz. O, dəyişməz qalacaq. Heç kim Bakını Astana kimi anlaya bilməz.

Yeri gəlmişkən bizim də tarixi torpaqlarımızın 20%-ni əlimizdən almaq istəyiblər. Bu, sovet dövründə olub, daha dəqiq 1961-ci ildə toxunulmaz vilayət yaradılarkən. Xoşbəxtlikdən bu məsələ respublikanın o dövrki rəhbərliyi tərəfindən həll edilmişdi. 2010-cu ildə “Dnesteryanı Moldova Respublikası”nda oldum. Bu, mənim üçün separatizmin gələcəyinin olmamasına dair əyani vəsait idi. Tanınmamış dövlətin vətəndaşlarının sənədləri, pasportları, diplomları, attestat və pulları var idi, bütün bunlar regionun sərhədlərindən kənarda etibarsız idi. Müxtəlif millətlərin nümayəndələri olan sadə insanlar yarımkriminal siyasətçilərinin girovuna çevrilmişdilər. Bu vəziyyəti “Dağlıq Qarabağ Respublikası”nda da müşahidə etmək olar.      

– Ermənistanda işğal olunmuş Azərbaycan ərazisi ilə sərhədlərdə gömrük məntəqələrinin quraşdırılmasına dair söz-söhbət səngimir. Avrasiya İqtisadi İttifaqının nümayəndələrinin bəyanatlarına müvafiq olaraq bu məsələ üzrə kompromis qərar əldə edilib. Bakı üçün prinsipial olan bu məsələnin həlli perspektivlərini necə görürsünüz? Bakı gələcəkdə də Qazaxıstanın Azərbaycanın müstəqilliyinə mövqeyinin dəyişməzliyinə, heç bir geri çəkilmənin yol verilməyəcəyinə ümid edə bilərmi? 

– Bilirsiniz ki, Ermənistan çoxdan ÜTT-yə daxil olub. Hələ o zaman deyilirdi ki, o Ümumdünya Ticarət Təşkilatına yalnız müvəqqəti işğal edilmiş Azərbaycan torpaqları olmadan daxil olacaq. Belə ki, başlanğıc var. Nəyə görə Avrasiya İqtisadi İttifaqı ilə başqa cür olmalıdır? İkili standartlar burada yolverilməzdir. Doğrusu, mən həmin kompromis qərarın məğzini bilmirəm, amma düşünmürəm ki, o İrəvanı qane edir. Bunun dolayı sübutu erməni KİV-in antiqazaxıstan ritorikası ola bilər. Burada nəşrlərin bir hissəsinin “daxili istehlakçıya” ünvanlandığı görünür, çünki yazılar erməni dilində yazılıb.

Gömrük məntəqələri birinci mərhələdir. İkinci – alınan mallara nəzarət. Əgər bu mal Ermənistan ərazisində istehsal edilibsə problem yoxdur. Amma əgər bu mal müvəqqəti işğal altında olan Azərbaycan ərazisindən daxil olubsa, o zaman çatdıran şəxs Gömrük İttifaqının bütün qaydalarına müvafiq olaraq cavab verəcək. Həm də qaydaların pozulmasına görə ciddi məsuliyyət nəzərdə tutulub. Üçüncü – alıcının şəxsi üstünlüyüdür. Məsələn, mənim dostlarım (spirtli içki içənlər) prinsipial olaraq masaya erməni konyakı qoymurlar, baxmayaraq ki, nə vaxtsa onu çox sevirdilər. Azərbaycanın işğal etdiyi torpaqlarını azad etməkdən imtina edən Ermənistan çoxsaylı qazaxların neqativ münasibətini qazanıb. İnternet, sosial şəbəkələr dövründə bunu bilmək çətin deyil.    

İndi isə Azərbaycanın müstəqilliyinə dair məsələlərdə hər hansı bir geri çəkilmələrlə bağlı Qazaxıstanın mövqeyinin möhkəmliyi barədə demək istərdim. Buna şübhə etmək olmaz. Bişkek Sazişinin imzalanmasından 20 il ötür. Bu dövr ərzində mənim ölkəm bir dəfə də olsun Qarabağ problemi ilə əlaqədar öz mövqeyini dəyişib? Ümid edirəm ki, belə cavab sizi qane edər.

– Ermənistan ümid edir ki, əgər Azərbaycan işğal edilmiş torpaqları müharibə you ilə azad etmək qərarına gəlsə, o zaman KTMT (ölkələri Ermənistan tərəfindən) Qarabağ məsələsinə müdaxilə edəcəklər. Bu məsələyə dair Qazaxıstanın mövqeyi necədir?

– KTMT Qarabağ məsələsinə qarışmayacaq. Bu iki ölkənin – Azərbaycan və Ermənistanın münaqişəsidir. Onlar da həll etməlidirlər. İrəvana görə heç kim Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatının Nizamnaməsini pozmayacaq. Mən təkrar edim ki, o öz üzvlərini hamını tanıdığı sərhədlər çərçivəsində xarici aqressiyadan qorumağa qərarlıdır. “DQR” heç kim tərəfindən Ernmənistan ərazisi kimi tanınmayıb.  

Hətta Ermənistanın özü tərəfindən belə. Ona görə də bu məsələ üzrə istənilən spekulyasiyalara son qoymaq lazımdır. Və yalnız KTMT-nin üzərində dayanmaq lazım deyil. Başqa təşkilatlar da var. Məsələn MDB. Elə bu günlərdə müdafiə nazirləri Zakir Həsənov və İmanqali Tasmaqabetov Rusiyanın paytaxtında görüşlər keçiriblər. Press-relizdən sitat gətirim:

 “Məlumata görə, Azərbaycan Müdafiə naziri Zakir Həsənovla görüş zamanı iki ölkənin müdafiə nazirliklərinin qarşılıqlı fəaliyyət xətti üzrə əməkdaşlığın bütün spektrləri müzakirə edilib. Qeyd edilib ki, hərbi-dəniz qüvvələrinin və quru qoşunlarının qarşılıqlı səfərləri, bərabər təlimləri və məşqləri xüsusi əməliyyatların keçirilməsi, regionda və dünyada sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə vasitə olacaq. Görüşdə 2015-ci il üçün ikitərəfli əməkdaşlıq planı təsdiqlənib”.

Əgər azərbaycanlı siyasətçilər erməni deputatlarının məntiqinə uyğun hərəkət etsəydilər, bu məlumat onlara Qazaxıstanın silahlı qüvvələrinin Azərbaycan tərəfdən Qarabağ münaqişəsinə müdaxilə etdiyi anlamına gələrdi. Amma onlar belə demir! Ümumiyyətlə, vaxtaşırı Ermənistandan səslənən absurd bəyanatları müzakirə etməyin mənasını görmürəm.

Sonda bunları qeyd etmək istərdim. Yalnız qardaş düzünü üzə deyə bilər… Tez-tez Xəzərdən mətbuatı izləyirəm. Uzanmış münaqişəyə baxmayaraq yenə də “erməni” sözünü “düşmən” və ya “aqressor” sözü ilə assosiasiya etməyin. Biz ki, italyanları faşist və ya almanları nasist adlandırmırıq. Bəli, separatçılar Ağdamda məscidi təhqir ediblər. Axı bunlar cinayətkardırlar, özlərini də müvafiq aparırlar. Görürsüz, bu necə də Bakıda erməni kilsəsinin bərpası ilə kontrast təşkil edir. Bəli, separatçılar Xocalıda dəhşətli soyqırımı törədiblər. Axı onlar adam deyillər. Hansısa bir etnosu düşmən ideologiyası və ya siyasəti ilə bağlamaq olmaz. Məsələn, Qazaxıstana baxın. Bizdə 130-dan çox millətin nümayəndəsi, o cümlədən 200 min azərbaycanlı yaşayır.

Tarixdə çox şey olub, amma qazaxıstanlılar etnikarası və ya kofessiyaarası münaqişə aparıblarmı? Əlbəttə, yox. Çoxmillətli xalqımız gələn il Qazaxıstan xanlığının 550 illiyini qeyd etməyə hazırlaşır. Bizim liderimiz Nursultan Nazarbayev müasir Qazaxıstanı sülhməramlı dövlət kimi qura bildi. Bununla unikal bir institut – Qazaxıstan xalqının Assambleyası məşğul olur. Amma bizə 1991-ci ildə necə dəhşətlər vəd edirdilər. Lakin ilk prezidentimizin müdrik siyasəti nəticəsində bütün bunların heç biri baş vermədi. Bizdə heç kim etnik, dini və ya dil üçün təzyiq altına düşə bilməz. Mən səmimi olaraq inanıram ki, planetin bütün dövlətləri bizdən nümunə götürəcək. Azərbaycanlı qardaşlarımıza sülh, sabitlik və gələcək rifah arzu edirəm!

www.oxu.az