“Fövqəladə Hallar Nazirliyi Sərsəng su anbarında qəza olacağı halda nə baş verəcəyini hesablayıb…
“Fövqəladə Hallar Nazirliyi Sərsəng su anbarında qəza olacağı halda nə baş verəcəyini hesablayıb. Əgər işğal altındakı ərazidə yerləşən Sərsəng su anbarında qəza olarsa, 60-70 dəqiqəyə ən azı 0,5 metr hündürlükldə su axını 48 km kənarda yerləşən Bərdəyə çatacaq. Su yol üzərində bütün canlı aləmi məhv edəcək”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda “İşğal altında qalmış Sərsəng su anbarının Azərbaycan üçün təhdidlərinin beynəlxalq siyasi-hüquqi aspektləri mövzusunda” məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi Ramiz Sevdımalıyev deyib.
R. Sevdımalıyev deyib ki, Sərsəng su anbarında qəza avadanlıqların istismar müddətinin başa çatması, iqlim dəyişikliyi ilə əlaqədar daşma və digər səbəblərdən baş verə bilər. O bildirib ki, Ermənistan su anbarlarından daim Azərbaycana qarşı kütləvi qırğın və vahimə vasitəsi kimi istifadə edir: “Bu yaxınlarda Azərbaycan təmas xəttində Ermənistan helikopterini vurmağa məcbur oldu. Ermənistan isə Mingəçevir su anbarını partlatmaqla hədələdi. İşğala qədər 100 min hektaradək torpaq suvarılırdı. İşğaldan sonra Azərbaycan bu imkanlarından yararlana bilmədi. Tərtər, Bərdə, Yevlax, Ağdam, Goranboy rayonları Sərsəng su anbarından istifadə edilməklə, torpaqların suvarılması imkanlarını itirdi. Ermənilər yayda, suya ehtiyac olanda, su vermir, qışda, ehtiyac olmayanda, suyu buraxır, Tərtər çayında sel yaranır. Yerli əhali artezian suyundan istifadə edir. Əvvəllər 25-30 metrdən su çıxırdısa, indi artezian vasitəsi ilə yeraltı sular 110 metrdən çıxır. Nəticədə torpağın strukturu dəyişib, bir çox bitkilər artıq bu torpaqlarda bitmir. Sərsəng su anbarı probleminin həlli Dağlıq Qarabağın işğalı probleminin həlli kontekstində həll oluna bilər”.
Daha sonra bu mövzuda suallar cavablandırılıb.