AŞPA-nın 2017-ci il qış sessiyasının açılışındanAŞPA Monitorinq Komitəsinin üzvü Elxan Süleymanov məlumat verir ki, bu sessiyada Assambleyada Azərbaycan nümayəndə heyətinə qarşı olan şayiələr öz təsdiqini tapmadı.
Son günlər Ermənistanın bir çox mənbələri dəfələrlə Azərbaycana və Azərbaycan nümayəndə heyətinin üzvlərinə qarşı yanlış və saxta iddialar yayaraq, qəsdən mətbuatda gərginliyi artırırdı.
Erməni deputatlar və bəzi ermənipərəst qüvvələr bütün AŞPA üzvlərini açıq şəkildə Azərbaycan nümayəndə heyətinin mandatını sual altına qoymağa çağırır və hətta azərbaycanlı deputatların AŞPA-dan çıxarılacağını hesab edirdi.
Bu gün aydın oldu ki, sağlam düşüncə və ədalət üstün gəldi, belə ki, plenar sessiyada Azərbaycan nümayəndə heyətinin və ayrı-ayrı deputatların mandatı sual altına qoyulmadı. Avropalı deputatlar açıq-aşkar anladılar ki, hüququn aliliyinə xidmət edən AŞPA-nın sübutsuz şayiələrə uyub hər hansı bir üzv dövlətinin nümayəndə heyətinin üzvlərinə hücum etməsi hüquqa ziddir və tam anormal haldır. Bəzi qərəzli beynəlxalq QHT-lərin dəstəklədiyi Ermənistan bir daha sırf öz qonşusunun müsbət imicini zədələməyə cəhd göstərmişdir və beləliklə də, AŞPA ermənilərin bu cəhdini dəstəkləməkdən açıq-aydın imtina etdi.
Yanvarın 24-də AŞPA-nın Monitorinq Komitəsi hər iki AŞPA həmməruzəçisinin Bakıya faktaraşdırıcı səfərini müzakirə edəcək və bu komitənin üzvü Elxan Süleymanov müzakirənin nəticəsinin həm Azərbaycan, həm də AŞPA üçün müsbət və konstruktiv olacağına əminliyini bildirir.
Sonda, Elxan Süleymanov bu gün Strasburqda AŞPA-nın plenar sessiyasında bu nəticələri olduqca təqdirəlayiq hesab edir və o, ermənilərin şayiələrinin bu cür ali Avropa institutunda ciddi qəbul edilməyəcəyinə tamamilə əmin olduğunu qeyd edir.
Azərbaycan nümayəndə heyətini bu qış sessiyasında narahat edən yeganə məsələ Ukrayna nümayəndə heyətinin rəhbəri Volodimir Arievin “Avropada jurnalistlərə və mətbuat azadlığına hücumlar” adlı məruzəsinə ermənilərin və ermənipərəst deputatların verdiyi düzəlişin qarşısının alınmasıdır. Həmin düzəlişdə “üzv dövlətlərin de-fakto separatçı rejimlər tərəfindən nəzarət edilən digər ərazilərində də, xüsusilə Azərbaycanın Dağlıq Qarabağ…” ifadəsinin çıxarılması təklif edilir.