Elxan Süleymanov AŞPA prezidentinə müraciət etdi…
Avropa Şurası Parlament Assambleyasının prezidenti
xanım Ann Brassörə
Surəti:
AŞPA Bürosunun bütün üzvlərinə
Avropa Şurası Parlament Assambleyasının baş katibi
cənab Voysix Saviçkiyə
Məlumat üçün:
Avropa Şurasının Baş Katibi
cənab Tyoborn Yaqlanda
Bakı, 17 aprel 2015-ci il
Xanım prezident,
Dünən, aprelin 15-də AŞPA-nın rəsmi internet səhifəsində sizin adınızdan dərc edilmiş “AŞPA prezidenti Ermənistanın islahat yolundakı davamlı irəliləyişini təqdir edir” başlıqlı pres-reliziniz məni təəccübləndirdi.
Siz bu mətbuat mətnində iki dəfə “Dağlıq Qarabağ münaqişəsi”ni belə ifadə formasında xatırladırsınız, halbuki rəsmi təmsil etdiyiniz AŞPA öz aparıcı qurumlarında bu münaqişəni rəsmi olaraq “Azərbaycanın Dağlıq Qarabağ və digər yeddi ərazisinin işğalı” kimi səsləndirməyi dəfələrlə təsdiqləyib.
Biz anlayırıq ki, baş katibiniz cənab Saviçki, AŞPA adminsitrasiyasının rəhbəri və AŞPA-nın bütün mətbuat mətnlərinin baş redaktoru kimi, AŞPA qurumlarının bu müstəvidəki aydın qərarlarını davamlı olaraq rədd edir. Həqiqətən də, bu günə qədər AŞPA-nın bu məsələyə dair bütün pres-relizlərində AŞPA-nın ifadə forması (bu, digər beynəlxalq təşkilatların ifadə formasına uyğundur!) deyil, Ermənistanın ifadə forması işlənir.
Şübhəsiz, xatırlayarsınız ki, bu məsələyə dair məruzənin başlığının dəqiq ifadəsi AŞPA Bürosunda xeyli gərgin və uzunmüddətli müzakirə mövzusu olmuşdu, çünki bu həssas məsələdə hər söz bütün aidiyyəti tərəflər üçün həqiqətən siyasi əhəmiyyət daşıyır. Nəticə etibarilə, Büroda böyük əksəriyyətin dəstəyi ilə aşağıdakı ifadə forması qəbul edilmişdi: “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində… (gərginliyin artması)”.
Monitorinq Komitəsinin Parisdə keçirilən 17 mart tarixli iclasında Ermənistanın nümayəndəsi, eləcə də mediadan aldığımız məlumata görə, Sizin 13-15 aprel tarixli Ermənistana rəsmi səfəriniz zamanı Ermənistan prezidenti, parlament spikeri və digər rəsmilər Sizə hücumlar edərək müzakirəni yenidən açmağa və bu ifadə formasını, məhz pres-relizinizdə ifadə etdiyiniz kimi, “Dağlıq Qarabağ münaqişəsi” kimi sadələşdirərək, bir daha dəyişməyə cəhd göstərdilər! Bir neçə həftə əvvəl Strasburqda Siyasi Məsələlər Komitəsində Ermənistanın buna bənzər cəhdi də böyük çoxluqla rədd edildi.
Ermənilərin Büro, Siyasi Məsələlər Komitəsi və Monitorinq Komitəsində Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin silahlı işğalı reallığını inkar etmək istiqamətindəki bütün cəhdləri sonda AŞPA-nın bu qurumlarında yalnız dəyərli vaxt və enerji itkisi ilə nəticələndi. Lakin göründüyü kimi, yalnız siz, AŞPA prezidenti kimi, AŞPA-nın bütün aparıcı qurumlarının verdiyi aydın qərarlara qarşı çıxaraq, ermənilərin fikrini açıq müdafiə edirsiniz.
Buna baxmayaraq, dünən sözügedən pres-relizinizdə vurğulamısınız (sitat gətirirəm): “Prezident kimi, Assambleya qurumlarının verdiyi qərarların icrasına zəmanət vermək mənim vəzifəmdir”. Sizin bu açıq-aşkar ziddiyyətli yanaşmanızın məni nə üçün təəccübləndirdiyini anlayırsınız.
Bu səbəbdən icazənizlə sizi, Prezident kimi, yuxarıda qeyd edilmiş pres-relizə düzəliş etməyə və AŞPA-nın bu məsələyə dair bütün gələcək mətbuat məqalələrini AŞPA Bürosunun ifadə formasına uyğunlaşdırmağa çağırıram.
İcazənizlə xatırlatmaq istərdim ki, bu birtərəfli və yanlış mətbuat mətnləri vasitəsilə özünün erməni ruhlu şəxsi siyasi gündəliyini açıq-aydın həyata keçirmək məqsədi güdən, beləliklə, Prezident kimi, müsbət adınıza və AŞPA-nın nüfunuza xələl gətirən baş katibinizi AŞPA pres-relizlərinin baş redaktoru vəzifəsindən çıxarmaq səlahiyyətiniz var.
Hamımız bilirik ki, AŞPA-nın internet səhifəsində rəsmi surətdə təsdiqlənməyən AŞPA sənədləri, lakin yalnız bir şəxsin mütləq nəzarəti altında yazılan pres-relizlər çox zaman böyük məruzələr və sərt qətnamələrlə müqayisədə ictimai fikrə daha çox təsir edir. Gəlin buna ciddi yanaşaq!
Ümumiyyətlə, Prezident kimi, şübhəsiz, bilirsiniz ki, Avropa Şurası Parlament Assambleyası hər hansı həssas məsələ ilə bağlı ziddiyyətli siyasi terminologiyadan istifadə edərək, öz etibarlılığına xələl gətirməməlidir. Şübhəsiz, razılaşarsınız ki, bu müstəvidə AŞPA-nın rəsmi qərarlarına uyğun olaraq, AŞPA siyasi terminologiyasında eynilik zəruridir.
Sonda, şübhəsiz aydınlıq gətirəcək cavabınıza və gələcəkdə Assambleya qurumları tərəfindən bu məsələ ilə bağlı qəbul edilmiş qərarların dəqiq icrasının həqiqətən təmin edilməsinə görə əvvəlcədən minnətdarlığımı bildirirəm.
Dərin hörmətlə,
Elxan Süleymanov
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü