Erməni qadın Varaqyan Azərbaycanın şəxsiyyət vəsiqəsini alacaq

Bakıda polis idarəsi məhkəməyə verildi…

Bakıda polis idarəsi məhkəməyə verildi.

Azərbaycan Respublikasının erməni əsilli vətəndaşı İrina Varaqyan (Ağayeva) şəxsiyyət vəsiqəsi almaq üçün Nəsimi rayon Polis İdarəsini məhkəməyə verib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, polis idarəsinə qarşı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi tələbinə dair iddia qaldırıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apelyasiya Məhkəməsi isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (BİİM) qərarını ləğv edib, İrina Varaqyanın isə iddiasını qismən təmin edib və işə yenidən baxılması üçün 1 saylı BİİM-ə göndərib.

Qeyd edək ki, erməni əsilli Varaqyan İrana Telmanovna Azərbaycanın şəxsiyyət vəsiqəsini almaq məqsədlə Nəsimi rayon Polis İdarəsinin müvafiq şöbəsinə müraciət etsə də, ona rədd cavabı verilib:

“İrina Varaqyan Ağayeva soyadı ilə şəxsiyyət vəsiqəsi almaq istəsə də, təqdim etdiyi sənədlər qanunvericiliyə uyğun olaraq tam olmayıb. Bu səbəbdən də Nəsimi rayon Polis İdarəsi tərəfindən onun müraciəti təmin olunmayıb. Erməni əsilli qadın polisin bu qərarından məhkəməyə üz tutub. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə də onun iddiasını təmin etməyib”, – deyə, polisdən bildiriblər.

www.oxu.az