Səməndər Mehdiyev: “Əgər 1915-ci ildə Türkiyədə bütün ermənilər məhv edilmişdisə, 1923-cü ildə bu qədər erməni sürüsü haradan peyda olub?”…
Səməndər Mehdiyev: “Əgər 1915-ci ildə Türkiyədə bütün ermənilər məhv edilmişdisə, 1923-cü ildə bu qədər erməni sürüsü haradan peyda olub?”
Erməni diasporu qondarma “erməni soyqırımı”nın 99-cu ildönümünü qeyd etməyə hazırlaşır. Bu ərəfədə isə erməni yalanları, tarixi gerçəkliklər haqqında yayılan hər bir məlumat daha çox diqqət cəlb edir. Məsələn, az öncə Türkiyə baş nazirinin müavini Əmrullah İşlər bəyan etdi ki, Türkiyədə bir milyondan çox türk erməni quldur dəstələri tərəfindən qətlə yetirilib.
Ə.İşlər deyib: “1915-ci ildə türklərin ”soyqırım” törətdikləri deyil, soyqırıma məruz qaldıqları barədə əlimizdə yetərincə sənədlər var”. Onun sözlərinə görə, erməni quldur dəstələri 1915-cil ildə Türkiyədə, sadəcə, türklərə qarşı deyil, eyni zamanda o ərazilərdə yaşayan ərəb və kürdlərə qarşı da qətliam törədiblər. Ə.İşlər onu da qeyd edib ki, Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılmasına hazırdırlar, lakin Ermənistan tərəfi hələ də təklifə münasibət bildirməyib.
Təəssüf ki, dünya hələ də erməni yalanlarına daha çox istinad edir və türk dünyasını təzyiq altında saxlamaq üçün qondarma iddialara əsaslanır. Bir neçə gün əvvəl ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma “erməni soyqırımı” iddialarını dəstəkləyən qətnamə qəbul etdi. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma “soyqırım”ı tanıyıblar.
Ancaq təkcə Türkiyə deyil, Azərbaycan tədqiqatçıları da əslində türklərin ermənilərə qarşı deyil, ermənilərin Türkiyə və Azərbaycan əhalisinə qarşı soyqırım həyata keçirdiyi barədə tutarlı faktları ortaya qoyublar.
Tədqiqatçı-filoloq Dünya Azərbaycanlıları Konqresinin (DAK), Qərbi Azərbaycan (indiki Ermənistan) Nümayəndəliyinin (QAN) rəhbəri Səməndər Mehdiyev “Yeni Müsavat”a İrəvan xanlığının işğalından sonra Çar Rusiyasının, sonralar isə bolşevik Rusiyasının havadarlığı ilə ermənilər tərəfindən qərbi azərbaycanlılara qarşı törədilmiş soyqırımla bağlı danışıb.
Araşdırmaçının sözlərinə görə, erməni iddiaları heç bir tarixi əsasa söykənmir: “Son zamanlar guya Osmanlı Türkiyəsi tərəfindən 1915-ci ildə erməni millətinə qarşı törədilmiş soyqırımla bağlı ermənipərəst kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və digər mənbələrdə Türkiyəyə, Azərbaycana qarşı şər-böhtan, hədə-qorxu dolu vasitələrdən istifadə edilir. Bu materiallarda isə müxtəlif iddialar irəli sürən ermənilər ”soyqırımın 100 illiyi “ ərəfəsində xarici ölkələrdə yuva salmış terrorçu erməni quldur dəstələrini türklərdən qisas almağa çağırır. Əslində bu günədək istənilən səviyyədə işıqlandırılmayan, tarixdən gizlədilən Qərbi Azərbaycanda, İrəvan xanlığının ərazilərində ermənilərin və onların havadarlarının 200 il müddətində törətdikləri cinayətləri – soyqırımları geniş şəkildə araşdıraraq bütün dünya ictimaiyyətinin diqqətinə çatdırmağın vaxtı çatıb. Bildiyiniz kimi, əsası rus çarı I Pyotr tərəfindən qoyulan və digər çarlar, bolşevik Rusiyası tərəfindən davam etdirilən ermənilərin himayə edilməsi, onlara Azərbaycan xanlıqlarının inzibati ərazilərində ”erməni dövləti” yaradılması xüsusi plan əsasında həyata keçirilib. XIX əsrin əvvəllərində rus-İran müharibələri zamanı 40 minə yaxın erməni quldur dəstələrindən “xüsusi” istifadə edən rus imperiyası ermənilərə ilkin olaraq “erməni vilayəti” yaratmağı vəd etdi və bu ərazi İrəvan və Naxçıvan xanlıqlarının ərazisi seçildi. Hələ 1804-cü ildə general Sisianov bu məqsədlə İrəvan xanlığına hücum edib, İrəvan qalasını bir neçə ay mühasirədə saxlayıb, lakin qalanı işğal edə bilməyən rus qoşunları məğlub olaraq geri çəkilib”.
S.Mehdiyev bu məğlubiyyət barədə Sisianovun imperatora yazdığı məktubdan xatırlatma etdi: “Orada bildirir ki, mənim 30 illik xidmətim ərzində ilk dəfədir ki, mühasirəyə aldığım qalanı – İrəvan qalasını fəth etmədən qoşunları geri çəkdim. Sonralar, 1808-ci ildə rus general-feldmarşalı Qudoviç yenidən İrəvana hücum edib, İrəvan xanı Həsən xanın ordusu ilə qanlı döyüşlərdə 1000 nəfərdən artıq itki verərək məğlub olub və geri qayıdaraq istefaya çıxıb”.
Tədqiqatçının sözlərinə görə, 1827-1990-cı illərdə “Böyük Ermənistan” yaratmaq üçün Rusiya və bəzi Avropa ölkələri erməniləri himayə edib: “Bu 173 il ərzində havadarlarına arxalanan ermənilər Qərbi Azərbaycanda (indiki Ermənistan) türk-müsəlmanlara qarşı ardı-arası kəsilməyən kütləvi qırğınlar törədib, terrorizm, vandalizm və s. kimi insanlığa zidd əməllərindən əl çəkməyib. Tarixi faktlara əsaslansaq, ən çox aşağıdakı illərdə kütləvi cinayətlər törədilib:
I – 1927-1928-ci illərdə
II – 1905-1907-ci illərdə
III – 1918-1920-ci illərdə
IV – 1988-1990-cı illərdə
Qeyd edək ki, ermənilərə “erməni vilayəti” yaratmaq məqsədinə çatmaq üçün rus qoşunları erməni quldur dəstələri ilə 1827-ci ilin əvvəllərində böyük bir ordu ilə yenidən İrəvan xanlığına hücum edərək qalanı mühasirəyə alıblar. Oktyabr ayında İrəvan xanlığı işğal edilib, xanlığın ərazisində kiçik “erməni vilayəti” yaradılıb və İrəvan şəhəri həmin vilayətə paytaxt kimi ermənilərə hədiyyə edilib”.
S.Mehdiyev tarixi mənbələrə istinadən deyir ki, ilkin olaraq türk və müsəlmanlara qarşı qanlı soyqırımı İrəvan qalası və ətraf bölgələrdə törədilib: “Mənbələrdə göstərilir ki, ruslara əsir düşənlərin taleyini ermənilərə tapşırmışdılar. Erməni quldurları türk-müsəlman olduqlarına görə qalanın ərazisində yaşayanların bir nəfərinin də sağ çıxmasına imkan verməyib, hətta sərbazları (əsgərləri) diri-diri tonqallara ataraq yandırıblar. 1905-1907-ci illərdə Azərbaycanın bütün ərazilərində olduğu kimi, ermənilər Qərbi Azərbaycanın (indiki Ermənistan) bütün mahallarında da rus imperiyasının dəstəyi ilə kütləvi qırğınlar törədib. 1906-cı ilin iyul ayının əvvəllərindən başlayaraq erməni silahlı quldur dəstələri İrəvan, Zəngəzur, Zəngibasar, Dərələyəz, Ağbaba, Vedibasar, Göyçə və digər mahallarda müsəlman-türk yaşayış məntəqələrinə basqın edərək, yüz minlərlə mülki əhaliyə qarşı dəhşətli soyqırım törədib.
“1827-ci ildə rus ordusu tərəfindən işğal edilən İrəvan o vaxtdan ermənilərə ”hədiyyə” edildi”
|
Azərbaycan tarixçisi Cahangir Zeynaloğlunun ”Müxtəsər Azərbaycan tarixi” elmi publisistik kitabında göstərilir ki, 1905-1906-cı illərdə Rusiya tərəfindən silahla təchiz və himayə edilən daşnak firqəsinin silahlı dəstələri İrəvanda, Bakıda, Gəncədə, Qazaxda, Qarabağda və başqa bölgələrdə insanları milli mənsubiyyətlərinə görə məhv edirdilər”. Yeri gəlmişkən, həmin illərin canlı şahidi olan tarixçi Mir Möhsün Nəvvab “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və ixtişaş tarixləri” kitabında İrəvanda baş verən erməni-müsəlman davasından bəhs edərək yazırdı: “Ermənilər əllərinə keçən bütün dini kitablara və Qurani-Kərimə od vurub yandırdılar. Ermənilərin qoca, qadın-kişilərə, eləcə də uşaqlara etdikləri zülmü qələmə almaq çox çətindir”.
S.Mehdiyevin sözlərinə görə, ermənilər tərəfindən törədilmiş 1905-1906-ci illər soyqırımı haqqında arxiv sənədləri çox azdır. Bu sənədlərin əksəriyyəti isə yandırılaraq məhv edilib: “Yalnız yazıçı M.S.Ordubadinin tarixi sənədlər əsasında yazdığı ”Qanlı illər” (1911) əsərində indiki Ermənistan ərazisində törədilmiş cinayətlər haqqında geniş məlumat verilib. Müəllif qeyd edir ki, 1905-ci ilin iyun ayında Üçmüəzzin (Eçmiadzin) qəzasında 9 azərbaycanlı kəndi daşnaklar tərəfindən yandırılıb və bu kəndlərin bütün əhalisi öldürülüb.
Təkyə kəndində məşhur tarixçi Axund Məhəmməd Əli Qazızadənin evində saxlanılan 200 cilddən artıq müqəddəs kitablar və Qurani Kərim yandırılıb”.
Araşdırmaçı deyir ki, Qərbi Azərbaycanın (indiki Ermənistanın) bütün mahal və qəzalarında törədilən qırğınlardan sonra sağ qalan əhali Türkiyə, İran və başqa dövlətlərin ərazisində sığınacaq tapıb, yalnız sovet hakimiyyəti illərində sağ qalanlar dədə-baba yurdlarına qayıdıb: “1500 il ”dövlətçilik”, “istiqlal” axtarışı ilə öz qaraçı taborlarıyla dünyanı dolaşa-dolaşa Osmanlı Türkiyəsində sığınacaq tapan, sonra isə həmin dövlətə xəyanət edərək onun torpaqlarında muxtariyyət ala bilməyən ermənilər Cənubu Qafqaza köç edərək burada “Böyük Ermənistan” yaratmaq iddiasına düşdülər. Onların yeganə məqsədi yerli əhalini dədə-baba yurdlarından qovub çıxarmaq, Rusiyanın və digər havadarlarının köməyi ilə onlara bəxş edilmiş torpaqları genişləndirərək “türksüz Ermənistan” dövləti yaratmaq idi. Onların arzuları 1918-ci ildə həyata keçdi. Azərbaycan torpaqları üzərində qondarma Ermənistan Respublikası yaradan ermənilər cənubi Qafqazda böyük ərazi iddialarını həyata keçirmək üçün türk-müsəlmanlara qarşı kütləvi soyqırımlar törətməkdədirlər. 1918-1920-ci illərdə İrəvan xanlığı ərazisində Qərbi Azərbaycanlılara qarşı soyqırımlar törədən daşnaklar 100 minlərlə türk-müsəlmanı qətlə yetirmiş, yurd-yuvalarını dağıdıb, əmlakları talan edilib, onlara məxsus tarixi abidələr yer üzündən silinib. Ermənilərin törətdikləri qanlı cinayətin canlı şahidi Kinyas Kartalin “İrəvandan Vana, Vandan Qarabağa erməni izi” adlı xatirələrində bu mənfur millətin iç üzünü çox real şəkildə əks etdirib”.
S.Mehdiyev maraqlı bir məqama da diqqət çəkir: “XX əsrin əvvəllərində ermənilərin məqsədlərini nəzərdən keçirən bolşevik rəhbəri Vladimir Lenin də onlardan bəhs edərək bildirirdi: ”Böyük Ermənistan” yaratmaq həsrəti ilə Türkiyədə yaşayan ermənilər və Antanta dövlətlərinin köməyinə arxalanan Ermənistan daşnak hökuməti Türkiyəyə qarşı hərbi əməliyyata başladı. Daşnak ordusu ağır məğlubiyyətə uğrayaraq geri çəkildikcə, Ermənistan ərazisində yaşayan türk əhalini qırır, onları öz torpaqlarından qovub çıxarır, talanlar təşkil edirdilər”. Rus tarixçisi Yakov İliçov “Türkiyə karvanı” tarixi romanında qeyd edərək bildirir ki, 1923-cü ildə Leninin göstərişi ilə Mustafa Kamal Atatürkə çatdırmaq üçün 1 milyon yüz min manatlıq qızılı və bir karvan silah-sürsatın Türkiyəyə çatdırılması süvari sərkərdə Frunzeyə həvalə edilmişdi. Karvan Ermənistan adlanan daşnak respublikasının ərazisindən keçərkən ermənilərin türk-müsəlmanlara qarşı törətdikləri vəhşi əməllərin şahidi olmuşdular.
Bu cür cinayətlərin müqabilində isə Atatürk Frunzedən Sovet Ermənistanına qayıdarkən indiyədək sağ qalmalarını təmin etdiyi, Ermənistana getmək arzusunda olan 250 mindən çox erməniləri də özləri ilə aparmağı xahiş etmiş və onların təhlükəsizliyini təmin etmək üçün silahlı dəstələr ayırmışdı”.
S.Mehdiyev deyir: “Sual olunur, əgər 1915-ci ildə Türkiyədə bütün ermənilər məhv edilmişdisə, 1923-cü ildə bu qədər erməni sürüsü haradan peyda olub? Erməni daşnak hökumətinin, sonralar Ermənistan Sovet Respublikası adlanan hökumətin İrəvan xanlığının bütün qəza və mahallarında türk-müsəlmanlara qarşı törətdikləri qırğınlar, insanlığa sığmayan vəhşiliklər tarixin yaddaşından silinməyib. 1918-1920-ci illərdə əhalisinin 98%-nin azərbaycanlılardan ibarət olan Ermənistanın Amasya rayonunda (Ağbaba mahalı) törədilmiş soyqırımın nəticələrinə nəzər salsaq, bütün Qərbi Azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərin nəticəsinə bələd ola bilərik. Belə ki, Ağbaba mahalının 37 kəndindən 12 kəndi tamamilə dağıdılaraq yer üzündən silinib, əhalisi erməni terrorunun qurbanı olub. 1913-1914-cü illərdə rayonun bütün yaşayış məntəqələrindəki 15359 nəfər əhalidən 1921-ci ildə sağ qalan və yenidən dədə-baba yurdlarına qayıtmış əhalinin sayı cəmi 6170 nəfər olub”.
Təşkilat rəhbəri deyir ki, ümumiyyətlə, XX əsrin əvvəllərində erməni quldurlarının bütün Azərbaycan ərazisində törətdikləri soyqırımların, qətliamların və vandalizmin sayı-hesabı yoxdur. Lakin ermənilər qondarma “erməni soyqırımı”nı bütün dünyaya tanıtmaq üçün bu gün də hər cür şərəfsiz yollara əl ataraq özlərinin törətdikləri cinayətləri ört-basdır edir, hər il aprel ayının 24-də, İrəvan şəhərində böyük dəbdəbə ilə “soyqırıma məruz qalanların şərəfinə” ucaldılmış böyük abidənin önündə anım gününü “təntənəli” formada qeyd edirlər. Onlar bu yolla dünyanın əksər ölkələrinin diqqətini qondarma “soyqırıma” cəlb edə bilib: “Çox təəssüf ki, nə qardaş Türkiyədə, nə də Azərbaycanda ermənilər və onların havadarları tərəfindən türk-müsəlmanlara qarşı törədilmiş soyqırımlar barədə kütləvi tarixi salnamə və Anım Abidəsi yoxdur”.
Və sonda: S.Mehdiyevin istinad etdiyi tarixi faktlar Ukrayna hadisələrindən sonra Azərbaycan ərazilərinə iştahla baxan erməni qəsbkarlarına və rus şovinistlərinə tutarlı cavabdır. Azərbaycan nəinki Qarabağ məsələsinin həllində güzəştli mövqe tutmalı, əksinə, ölkə rəhbərliyinin də dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın tarixi ərazilərinin geri qaytarılması istiqamətində də hücum diplomatiyasına üstünlük verməlidir.
Qarabag.info