Ermənistan parlamenti Dağlıq Qarabağın “müstəqilliyinin” tanınmasını müzakirə edəcək

Müzakirə çərşənbə axşamı baş tutacaq…

Müzakirə çərşənbə axşamı baş tutacaq.

Ermənistan parlamenti çərşənbə axşamı “Naslediye” müxalifət fraksiyasından olan Zarui Postancanyan tərəfindən deputatlara təqdim edilmiş, “Dağlıq Qarabağ və Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsinin əsas hərbi-siyasi müddəalarının konsepsiyası barədə” qanun layihəsini müzakirə edəcək.

“Xarici münasibətlər üzrə daimi parlament komissiyasının layihəsi üzrə qərarın mövcud olmamasına baxmayaraq müzakirə ikinci gün baş tutacaq. Belə ki, “Naslediye” layihəni təcili məsələ kimi təqdim edib”, – bazar ertəsi parlamentin spikeri Qalust Saakyan bəyan edib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“Naslediye” tərəfindən təqdim edilmiş layihə: “Dağlıq Qarabağ Respublikasını” tanımağı; “Dağlıq Qarabağ Respublikası” və Ermənistan Respublikası sərhəddində gömrük, sərhəd məntəqələrinin  digər dövlət və beynəlxalq təşkilatlar tərəfindən təyin edilməsinin istisna edilməsini; “Dağlıq Qarabağ Respublikası”, Ermənistan və Azərbaycan sərhədlərində digər ölkələr və beynəlxalq təşkilatlar tərəfindən silahlı qüvvələrin yerləşdirilməsinin istisna edilməsini; Ermənistan Respublikasının və “Dağlıq Qarabağın” “müstəqilliyini və ərazi bütövlüyünü” təhlükə altında qoyan təşkilatlara Ermənistanın üzv edilməsini istisna edilməsini nəzərdə tutur.

“Naslediye” fraksiyası indiki 131 nəfərlik parlamentdə dörd yer tutur, qanun layihəsi 2009-cu ildə təqdim edilib.

O gündən bəri bu sənəddən dəfələrlə Ermənistanın iqtidar partiyası tərəfindən imtina edilib. Ermənistan parlamentariləri “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyini tanımağa etirazlarını bu münaqişənin sülh yolu ilə həll edilməsinə zərər yetirmək istəmədikləri ilə əsaslandırıblar. Ermənistan XİN bu məsələyə eyni səbəbdən vaxtından öncə müraciət edildiyini düşünür.  

www.oxu.az