“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin QHT Forumu (QDİƏT-in QHT Forumu) Moldova Ombudsmanı Aurelia Qriqoriunun 2013-cü ilin iyul ayında İrəvanda keçirilmiş beynəlxalq konfransda Ermənistanı Azərbaycana qarşı 25 ildən artıq davam edən işğalçılıq siyasəti və ərazisinin 20 faizdən artıq hissəsinin işğalı ilə bağlı səsləndirdiyi fikirlərə görə təzyiqə məruz qalmasından narahatlığını bildirir”…
“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin QHT Forumu (QDİƏT-in QHT Forumu) Moldova Ombudsmanı Aurelia Qriqoriunun 2013-cü ilin iyul ayında İrəvanda keçirilmiş beynəlxalq konfransda Ermənistanı Azərbaycana qarşı 25 ildən artıq davam edən işğalçılıq siyasəti və ərazisinin 20 faizdən artıq hissəsinin işğalı ilə bağlı səsləndirdiyi fikirlərə görə təzyiqə məruz qalmasından narahatlığını bildirir”.
Publika.Az xəbər verir ki, bu barədə QDİƏT-in QHT Forumunun yaydığı bəyanatda deyilir. Bildirilir ki, A.Qriqoriu xüsusilə Ermənistan parlamentinin sədr müavini Hermine Nağdalyan tərəfindən hücuma məruz qalıb. Hadisədən sonra xanım Qriqoriu belə bir bəyanat verib:
“Məruzəmdə təqdim etdiyim məlumat mənim spekulyativ fikirlərim deyil. Mən BMT Təhlükəsizlik Şurasının materialından istifadə etmiş və heç bir yeni söz deməmişəm. Bu informasiya geniş ictimaiyyətə yaxşı məlumdur. Heç təsəvvürümə də gətirə bilməzdim ki, bu hadisə belə bir qalmaqaladək böyüyəcək… Mənim yeganə məqsədim ictimai diqqəti dondurulmuş münaqişə zonalarında insan hüquqlarının pozulmasına yönəltmək və insan hüquqları müdafiəçilərinin mövqeyini ifadə etmək idi. Çıxış etdikdən sonra xanım Qriqoriunun ünvanına həm telefon, həm də sosial şəbəkədəki şəxsi səhifəsi vasitəsilə davamlı olaraq hədə-qorxular gəlməyə başlayıb. Təhdid və təzyiqlər yalnız Ermənistan hakimiyyətindən deyil, həm də Moldovadakı erməni diasporundan gəlməkdədir. İrəvandakı çıxışına görə Moldovadakı erməni diasporu onun ləyaqətini alçaltmağa və insan haqları üzrə müvəkkil kimi nüfuzuna zərbə vurmağa çalışır, eləcə də ona və ailə üzvlərinə qarşı psixoloji təzyiq göstərir”-deyə bəyanatda vurğulanır.
QHT Forumunun nümayəndələri Moldova Ombudsmanının Xocalı soyqırımı ilə bağlı ədalətli bəyanatına Ermənistanın göstərdiyi münasibətini qətiyyətlə pisləyir. Forum nümayəndələri bildirirlər ki, Qriqoriuya qarşı İrəvanda və vətəni Moldovada baş vermiş təqib və təzyiq Ermənistan hökumətinin Dağlıq Qarabağla bağlı siyasətində heç bir güzəştə getməməkdə israrlığını və gələcəkdə ola biləcək mümkün həll variantları üçün demək olar ki, heç bir imkan tanımadığını göstərir:
“Moldova Ombudsmanı Aurelia Qriqoriunun məlum bəyanatı riyakarlıqdan uzaq həqiqəti üzə çıxardı. O, insan hüquqlarını dəstəklədi və Ermənistanın işğalı nəticəsində faciələrlə üzləşmiş insanları müdafiə etdi. Buna görə də, xanım Aurelia Qriqoriunun beynəlxalq ictimaiyyət tərəfindən hərtərəfli dəstəklənməsi və ona qarşı törədilmiş bu hadisənin qətiyyətlə pislənməsi çox önəmlidir”.
QHT Forumunun təsisçiləri qəti şəkildə israr edir ki, beynəlxalq təşkilatlar Moldova Ombudsmanının Ermənistanda üzləşdiyi vəziyyətlə bağlı daha sərt mövqe ortaya qoymalıdır. Biz gözləyirik ki, beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti, Avropa Şurası, ATƏT və BMT xanım Qriqoriunun hüquqlarını və ləyaqətini qorumaq üçün konkret addımlar atacaq. Gələcəkdə bu tip halların baş verməsinin qarşısının alınması üçün bu hadisəyə dərhal qiymət verilməlidir”-deyə bəyanatda diqqətə çatdırılır.
/Publika.az/