“Azərsun Holdinq” məsələyə aydınlıq gətirib…
“Azərsun Holdinq” məsələyə aydınlıq gətirib.
“Azərsun Holdinq” “Azərçay” məhsulunun Ermənistan bazarında satılmasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərovun APA-Economics-ə bildirdiyinə görə, holdinqin istehsal etdiyi qida və ərzaq məhsulları nə Ermənistana, nə də ki ermənistanlı iş adamlarına satılıb.
Ermənistan iqtisadiyyatının iflic, bərbad vəziyyətdə olduğunu deyən A. Səfərov əlavə edib ki, ermənilər “Azərsun Holdinq”in istehsal etdiyi qida və ərzaq məhsullarını Gürcüstandan alıb, daxili bazarda satırlar: “Ermənistanın apardığı işğalçılıq siyasəti bu ölkənin iqtisadiyyatını məhvə məhkum edib. Ermənistan iqtisadiyyatı və sənayesi tam təcrid olunmuş vəziyyətdədir. Faciəvi və bərbad durumda olan ermənilər istehlak ehtiyaclarını Gürcüstan bazarından təmin etmək məcburiyyətində qalıblar. Nəzərə alsaq ki, Gürcüstanın qida məhsullarının əsas təminatçılarından olan Azərbaycanı bu ölkədə təmsil edən “Azərsun Holdinq”dir, yaranmış vəziyyət anlaşılandır. Erməni mağazalarında satılan “Azərçay” Gürcüstan bazarından pərakəndə satışla məşğul olan gürcülərdən alınır. Artıq 5 ilə yaxındır ki, biz bu mənzərə ilə rastlaşırıq”.
Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, bu ölkənin mağazalarında “Azərçay” məhsulu satılır.
Ermənistanın kənd təsərrüfatı nazirliyinin rəsmi nümayəndəsi Armine Sukiasyan Tert.am saytına bildirib ki, Azərbaycandan Ermənistana heç bir məhsul idxal olunmur.
“Bununla belə, biz istisna etmirik ki, bu məhsullar pərakəndə şəkildə başqa ölkələrdən gətirilir”,- deyə o bildirib.