Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları tərəfindən Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyevə başçəkmə həyata keçirilib….
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları tərəfindən Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyevə başçəkmə həyata keçirilib.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə deyib ki, məqsəd onların saxlanma şəraiti ilə yaxından tanış olmaq və ailələri ilə məlumat mübadiləsini təmin etmək olub. İ.Hüseynova bildirib ki, həmişə kimi onlara xəbərləri çatdırılıb, onların ailələri üçün məlumat alınıb.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər Azərbaycan vətəndaşı D.Əsgərov və əslən azərbaycanlı olan Rusiya vətəndaşı Ş.Quliyev girov götürülüb.
Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi tərəfindən qurulan saxta məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.
/Trend/