Elə bil xəbər yox, hansısa döyüş filminin ssenarisidir….
Elə bil xəbər yox, hansısa döyüş filminin ssenarisidir….
Erməni mətbuatı yenidən Azərbaycan qoşunlarının cəbhədə “təxribat” törətməsi və “igid erməni əsgərlərinin” bizim döyşüçülərimizin hücumlarını dəf etmələri barədə yazırlar.
News.am yazır ki, “düşmən (yəni bizimkilər) aprelin 21-nə keçən gecə saat 05:15 radələrində cəbhənin şimal-şərq istiqamətində (Seysullan) təxribata cəhd göstərib”:
“Bizim ön cəbhədəki bölmələrimiz Azərbaycanın diversiya qrupunun hərəkətini vaxtında aşkar etdilər, dairəvi müdafiə təşkil edərək, əlbəyaxa döyüşə girdilər. 25 dəqiqəyədək davam edən döyüş nəticəsində düşmən döyüş meydanında sursatlar və çoxsaylı qanlı izlər qoyaraq, geri çəkildi”.
Və əlbəttə ki, o saat guya erməni döyüşçülərinin uğurlu hərəkətləri və “geri çəkilən Azərbaycan əsgərlərinin qorxaqlığından” xəbər verən yeni fotoşəkillər paylaşdılar.
Hərb işindən başımız çıxır və buna görə də, fotoşəkillərə baxdıqdan, düşmənin xəbərini oxuduqdan sonra dərhal bir “smaylik” işarəsi qoymaq istəyirsən (axı xəbər doğurdan da çox gülməlidir!)…
Lakin gəlin xəbəri incələyək.
Düşmən yazır: “Bizim ön cəbhədəki bölmələrimiz Azərbaycanın diversiya qrupunun hərəkətini vaxtında aşkarladılar və dairəvi müdafiə (!) təşkil etdilər”.
Nə dairəvi müdafiə? Maraqlıdır, erməni təbliğat maşını ümumiyyətlə cəbhənin nə vəziyyətdə olduğunu bilir?
Əgər Azərbaycanın xüsusi təyinatlıları düşmənin mövqelərinə hücum ediblərsə və düşmən onları tez aşkarlayıbsa (ermənilər özləri belə yazır), o zaman hansı dairəvi müdafiədən söhbət gedir? Cəbhə xətti demək olar ki, hər iki tərəfdən bir-birinə paralel xətlərdir. Düz cəbhə xətti və dairəvi müdafiə? – axı necə? Yəni bizim xüsusi təyinatlılar guya hücuma gedib və vaxtında düşmən tərəfindən aşkarlanıb, lakin necəsə ermənilərin arxasına keçə bilib və onlar özlərini qorumaq üçün dairəvi müdafiə qurublar? Axı başqa cür ola bilməz! Dairəvi müdafiəni o zaman qururlar ki, düşmən təkcə sənin önündən yox, həm də arxandan hücum edir!
Burada isə:
““Bizim ön cəbhədəki bölmələrimiz Azərbaycanın diversiya qrupunun hərəkətini vaxtında aşkarladılar və dairəvi müdafiə təşkil etdilər”.
Yəni, düşmən bizim xüsusi təyinatlıların onların arxasına keçməsinə imkan verməyib. Yaxşı, bəs onda dairəvi müdafiə nə üçündür?
Getdik qabağa.
“Əsgərlərimiz düşməni vaxtında aşkarladılar və əlbəyaxa döyüşə girdilər”.
Elə bil xəbər yox hansısa döyüş filminin ssenarisidir…
“Əlbəyaxa döyüşə girdilər”. Mənə elə gəlir ki, mayın 9-da qeyd olunacaq Qələbə günü ərəfəsində Ermənistanda bütün telekanallarda o illərin sovet təbliğatının kadrlarını göstərirlər. Həmin kadrlarda adətən sovet əsgərləri “Ura” qışqıraraq ayaq üstə düşmən üzərinə hücuma keçir, almanları elə onların öz səngərlərində “sürüyürdülər”.
Lakin bir var təbliğat xarakterli kadrlar, bir də var real həyat. Düşmən əsgərlərimizin hücumunun vaxtında aşkarlanmasından yazır, lakin daha sonra əlavə edir ki, bəs əlbəyaxa döyüş baş verib.
Yəni ermənilər etiraf edirlər ki, onların heç bir atıcı silahları yoxdur və azərbaycanlı diversantları əlbəyaxa döyüş məsafəsinə buraxmağa məcbur olublar? O zaman düşməni əlbəyaxa döyüş məsafəsinə buraxan əsgəri güllələmək lazımdır! Bəs onda avtomat əsgərə nə üçün verilir? Bəs pulemyotlar? Yoxsa ermənilər nə avtomat, nə də pulemyotlarının olmadığını etiraf edirlər?
Axı ermənilər yazırlar ki, azərbaycanlı diversantlar hücuma keçiblər. O zaman cəbhədə dayanan adi bir erməni əsgəri əlbəyaxa döyüşdə diversantın öhdəsindən necə gəlib? Diversantların öyrəndiyi ilk şey elə əlbəyaxa döyüşün əsasları olub – onlar bu sahədə ən yaxşılardandırlar və bütün normal insanlar bunu bilirlər – ermənilərdən başqa.
Digər tərəfdən, peşəkar diversant (bizim diversantların peşəkarlığını isə ermənilər öz dərilərində çoxdan hiss ediblər) isə əlinin altında avtomat yaxud başqa bir silah olduğu vaxtda mütləq əlbəyaxa döyüşdən qaçmağa çalışacaq.
Axı düşmən məsafədən məhv etmək imkanı varsa, o zaman niyə əlbəyaxa döyüşə girəsən? Bunun üçün düşmən səngərinə düşmək lazımdır, lakin peşəkar belə etməz. Əvvəla, düşmən öz səngərini səndən yaxşı tanıyır, səngərlər dardır, sərbəst hərəkət etmək çətin olur. İkincisi – sən əvvəlcədən düşmənin sayını bilmirsən.
Gedək irəli.
Düşmən yazır:
“25 dəqiqədəyək davam edən döyüş nəticəsində düşmən döyüş meydanında sursatlar və çoxlu qan izləri qoyaraq, geri çəkildi”.
Və guya bizim döyüşçülərin geri çəkilərkən atdıqları həmin sursatların fotoları yayılır.
Bizə Kalaşnikov avtomatı üçün 5 daraq, bir SVD snayper tüfənginin darağı, QP-25 lüləaltı qumbaraatanı üçün VOQ-25 qumbarası, qayçı, batareya, telefon məftili üçün tağalaq, dərman preparatları – beşqramlıq şprislər, leykoplastır…
Biz artıq dəfələrlə yazmışıq ki, Kalaşnikov avtomatı – AK, AKM, AK-74 dünyada ən çox yayılmış atıcı silah növüdür. Axı niyə ermənilər düşünür ki, dünyada ən çox yayılmış avtomatın (bu arada Ermənistan ordusunun əsas atıcı silahıdır) daraqlarının fotolarını yaymaqla, onların Azərbaycan əsgərlərinə aid olduğunu söyləməklə bütün dünyanı inandıra biləcəklər? Əgər bizim döyşüçülərimizin hücumu ermənilər yazdıqları kimi gecə olubsa, o zaman niyə xüsusi təyinatlılarımız qəhvəyi rəngli daraqları özləri ilə götürüblər?
Bəs maskalanma? Əgər gecə hücuma keçirsənsə, sənin bütün ləvazimatların, geyimin tünd rəngdə olmalıdır ki, ərazidən fərqlənməyəsən. Parlaq rəngli istənilən predmet sənin yerini göstərə bilər. Buna görə də, bütün dünyada xüsusi təyinatlıların ləvazimatları tünd rəngdədir. Lakin ermənilərdə hər şey fərqlidir, axı onlar “xüsusidirlər”. Onların İrəvandakı paradını xatırlayırıq… O zaman erməni xüsusi təyinatlıları tutacaqları və daraqları qəhvəyi rəngli avtomatlarla meydana çıxmışdılar.
Yaxud QP-25 lüləaltı qumbaraatan üçün VOQ-25 qumbarası… VOQ-25 hələ Əfqanıstanda tətbiq olunub və bu gün keçmiş SSRİ-nin demək olar ki, bütün ölkələrinin silahlanmasında var. Digər tərəfdən – əgər əlbəyaxa döyüş olubsa, o zaman VOQ-25 hardan çıxdı? Yoxsa bizim əsgərlər bu qumbaraları ermənilər tərəfə daş kimi atırmışlar?
Düşmən yazır ki, hücum aprelin 21-nə keçən gecə saat 05:15-də olub… Və bizə snayper tüfənginin darağını göstərirlər. Sual – gecə hücuma gedərkən uzunluğu 1,5 metrə çatan snayper tüfəngini özünlə götürməyin mənası nədir? Əgər düşməni məsafədən məhv etmək istəyirsənsə, o zaman diversiya nə üçün? Yox, düşməni yaxından öldürmək istəyirsənsə, bəs onda snayper tüfəngini neyləyirsən?
Düşmən bizə guya əsgərlərimizin geri çəkilərkən atdıqları şprisləri göstərir. Ağrıkəsici üçün adi beşqramlıq şprislər. Maraqlıdır, erməni təbliğatı belə şprislərin döyüşdə tətbiqini necə təsəvvür edir?
Yəni döyüş vaxtı yaralı əsgər belə şprisi qapından çıxarmalı, ampulanı sındırmalı, ağrıkəsici ilə doldurmalı və özünə iynə vurmalıdır…. Döyüş vaxtı…
Bu şəkil ermənilərin ordumuzla və cəbhədəki son hadisələrlə bağlı istənilən bəyanatlarının nə dərəcədə qeyri-ciddi olduğunu göstərir.
Çünki hərb işi ilə maraqlanan bütün normal insanlar bilirlər – xüsusi təyinatlılar adi əsgərlərdən yaxşı təchiz edilirlər, lakin bununla belə, hətta adi əsgərlərin də öz FSP-si (Fərdi Sarğı Paketi) olur və bu paketə yaralanarkən, yanmalar və sınmalar zamanı ağrını azaltmaq üçün dəri altına yeridilən ağrıkəsici maddədən ibarət birdəfəlik iynə olur.
Daha beşqramlıq şpris yox…
Burda hətta leykoplastır da var. Adi leykoplastırın köməyi ilə qanaxmanı necə dayandırmaq olar? Bizim ordumuzun büdcəsi 5 MİLYARD dollara çatır və əsgərlərimiz, ordumuzun elitası olan xüsusi təyinatlılar adi leykoplastırdan istifadə edirlər? Ermənilər bütün bunları kimin üçün yazırlar? Onlar bu yalana kimi inandırmaq istəyirlər? Yoxsa Ermənistan ictimaiyyəti o qədər axmaqdır ki…
Və sonuncu – məftilli tağalaq (böyük ehtimalla, telefon kabeli)… Və qərar aldılar bizim əsgərlər diversiya törətsinlər və qərar aldılar ki, nəhəng bir tağalağı özləri ilə götürsünlər… Əlbəttə, axı ən yaxşı ratsiyalar (özüm orduda olarkən onlardan istifadə etmişəm – əla bir şeydir) nəyə lazım? Babalarımızın Böyük Vətən Müharibəsində etdikləri kimi məftilli tağalaq lazımdır. Aparırsan qurursna, sonra da dərhal telefonçu Nataşaya zəng edirsən…
Ermənilər yazırlar ki, bizimkilər bir əsgər itiriblər, qan izləri qoyublar və sair – cəsəd hanı? Qan izləri hanı?
Düşünürəm bununla da təhlilimizi başa çatdıra bilərik… Ermənilər, xahiş edirik, daha belə cəfəngiyyat yazmayın. Artıq ciddi cavab vermək alınmır, yumoresklər yazmaq isə bizim işimiz deyil. Axı biz erməni deyilik.