Ermənilər Azərbaycanla sərhəd boyu atışmanın miqyasını genişləndirirlər

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub…

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Dovex, Barekamavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Kəmərli, Qaymaqlı və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Həmçinin, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində, eləcə də Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə məruz qalıb.

Bundan başqa Ermənistanın işğalı altında olan Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Yarımca, Qızıloba, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı, Kəngərli, Nəmirli, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

 

/Trend/