Ermənistan tərəfi AŞ PA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi ilə əməkdaşlıqdan boyun qaçırır

Sentyabrın 1-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi Məsələlər və Demokratiya Komitəsinin iclası keçirilib….

Sentyabrın 1-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi Məsələlər və Demokratiya Komitəsinin iclası keçirilib. AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Trend-ə bildirib ki, iclasda iştirak edən Komitənin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” üzrə məruzəçisi Robert Volter çıxış edərək məruzənin hazırlanmasına Ermənistan tərəfinin maneə yaratdığını və məhz bu səbəbdən məruzənin 1 sentyabr iclasında təqdimatının mümkün olmadığını bəyan edib.

O bildirib ki, AŞ PA-nın cəhdlərinə və onun çoxsaylı təkidlərinə baxmayaraq, Ermənistan tərəfi məruzəçi ilə əməkdaşlıqdan boyun qaçırır, onun Ermənistana və təmas xəttinə səfərinin təşkil edilməsindən imtina edir, bununla da məruzənin hazırlanmasını əngəlləyirlər.

Məruzəçi bəyanatında Azərbaycan tərəfinin əməkdaşlığa açıq olduğunu və müraciəti əsasında cari ilin mart ayında Azərbaycana səfərinin baş tutduğunu, Bakıda bir sıra görüşlər keçirdiyini qeyd edib. O, həmçinin vurğulayıb ki, bu günlərdə yenidən Azərbaycan hökumətinə müraciət edib, Ermənistan tərəfi əməkdaşlıqdan imtina etdiyi üçün məruzəni hazırlamaq məqsədilə təhlükəsizlik şəraitini nəzərə alaraq, Azərbaycan ərazisi tərəfdən təmas xəttinə səfər etmək və ya yaxınlaşmaq imkanı yaradılmasını xahiş edib.

R.Volter öz bəyanatında Ermənistan tərəfinin əməkdaşlıq etməkdən imtina etməsinə baxmayaraq, AŞ PA-nın 2015-ci il oktyabr sessiyasında və Komitə iclasında öz məruzəsini təqdim etməkdə israrlı olduğunu açıq ifadə edib.

Qeyd edək ki, britaniyalı deputat Robert Volter E.Süleymanovun təqdim etdiyi qətnamə layihəsi əsasında 1 oktyabr 2014-cü il tarixində AŞ PA Siyasi Məsələlər və Demokratiya Komitəsində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” mövzusu üzrə məruzəçi təyin olunub.

/Trend/