Ermənistanı qanlı “sürprizlər” gözləyir

Rəsmi məlumatlara əsasən, artıq bir neçə gündür ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəbhədə atəşkəs rejiminin pozulması halları artıb. Hətta bir neçə gün öncə ilə müqayisədə bu artım ikiqatdır….

Rəsmi məlumatlara əsasən, artıq bir neçə gündür ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəbhədə atəşkəs rejiminin pozulması halları artıb. Hətta bir neçə gün öncə ilə müqayisədə bu artım ikiqatdır.

Hadisələrin sayı ilə yanaşı, ermənilərin istifadə etdikləri silahların çeşidi və çapı da artıb. Belə ki, düşmən atəşkəs rejimini əvvəllər əsasən avtomat silahlardan istifadə etməklə pozurdusa, son zamanlar iriçaplı pulemyotlardan, 60 və 82 mm-lik minaatanlardan istifadə edir.

Hərbidən azca anlayışı olanlar bilir ki, minaatan artilleriya silahı hesab edilir və əgər döyüşdə avtomat silahlardan istifadə edilirsə, bu sadəcə, atışma, artilleriyadan istifadə olunursa, bu, artıq müharibə hesab edilir.

Yəni ermənilər neçə vaxtdır ki, törətdiyi təxribatları ilə ciddi-cəhdlə bütün dünyaya, o cümlədən, Ermənistan ictimaiyyətinə cəbhədə vəziyyətin gərgin olduğunu göstərmək istəyir və bu məqsədlə Azərbaycanı hər vəchlə müharibəyə təhrik edir. “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” prinsipi ilə hərəkət edən Ermənistan dünyaya car çəkməklə işğalçı siyasətinə bəraət qazandırmağa, erməni ictimiayyətinə cəbhədə gərginliyin artmasını göstərməklə isə ölkə daxilində yaranmış ictimai-siyasi gərginliyi azaltmağa, bütün diqqəti tamam başqa istiqamətə yönəltməyə çalışır. Lakin hər dəfə də onların bu planları alt-üst olur.

Hamımız çoz gözəl xatırlayırıq ki, ötən ilin iyul-avqust aylarında cəbhədə çoxsaylı təxribatlarla bölgədə gərginlik yaratmağa çalışan Ermənistan sonda öz layiqli cavabını aldı. Azərbaycan isə onunla müharibə ritorikasında danışmağa cəhd edən hər kəsi hansı acı aqibətin gözlədiyini əyani olaraq göstərdi. Hətta vəziyyət o yerə çatdı ki, Serj Sərkisyanın xahişi ilə Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentlərinin təcili görüşünü təşkil etməyə, tərəfləri məsələni danışıqlar yolu ilə həll etməyə çağırmağa məcbur oldu.

Həmin vaxt itkilərinin sayı onlarla ölçülən Ermənistanın hərbi-siyasi rəhbərliyi bunu nə qədər ört-basdır etməyə çalışsa da, pis əxlaqlı qadınlar kimi onların bu sirrinin ömrü heç 40 gün də çəkmədi. Ölülərinin adlarını iki-iki, üç-üç açıqlamaqla vəziyyətdən çıxmağa çalışan Ermənistanın Azərbaycan Ordusunun artıq 20-23 il əvvəlki ordu olmadığını real olaraq üzərində hiss etdi. Lakin görünür bu, onlara ibrət dərsi olmayıb. Havadarları hesabına 25-23 il əvvəlki uğurlarının dadı damağında qalan, xristian cameəsinə arxayın olaraq cəzasızlıq sindromundan maksimum faydalanmağa çalışan, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyindən ürəklənən Ermənistan işğalçı mövqeyini möhkəmlətmək üçün yenə də müxtəlif əməllərindən, o cümlədən, cəbhə xəttindəki təxribatlarından əl çəkmir.

Növbəti belə təxribatlardan biri 2015-ci il avqustun 22-də baş verib. Azərbaycanın Müdafiə Nazirliynin rəsmi məlumatına görə, həmin gün axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərimizi iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar. Cəbhənin bu istiqamətində yaranmış əməliyyat şəraiti qiymətləndirilərək komandanlıq tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən, mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib. Erməni tərəfi növbəti dəfə itkilərini xalqından gizlətməyə cəhd etməsinə baxmayaraq, əldə olunan məlumata əsasən, düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb.

Uzun faislədən sonra cəbhədə toplardan istifadə etməklə düşmənə zərbə endirən Azərbaycan tərəfi Ermənistana praktik olaraq bu “sürprizi” ilə izah edib ki, onlar istədikləri müharibəni istədiyi vaxt ala bilərlər və bu müharibədə qalib tərəf yalnız Azərbaycan olacaq.

Azərbaycanın Ermənistandan iqtisadi cəhətdən dəfələrlə güclü olması, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin düşməni həm müasir texnika, həm şəxsi heyətin sayı, həm də peşəkarlıq baxımından üstələməsi artıq bütün dünyada heç kimdə şübhə doğurmur.

Görünür, buna azca şübhəsi olan varsa, o da Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Lakin onların bu şübhələrini aydınlaşdırmaq istəyi bütün Ermənistan cəmiyyəti üçün acı nətəcələrə gətirib çıxara bilər. Onsuz da emiqrasiya səbəbindən boşalan Ermənistan işğalçılıq planlarından əl çəkməsə, Azərbaycanın işğal etdiyi torpaqları xoşluqla qaytarmasa, tezliklə döyüş əzmi və qələbə ruhu yüksək səviyyədə olan Azərbaycan Silahlı Qüvvələrinin həmləsi qarşısında tamamilə yox olacaq.

Amma həm “turizm şirkəti”nə çevrilmiş ATƏT-in Minsk Qrupu, həm də erməni cəmiyyəti bilməlidir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinə və baş verə biləcək çoxsaylı insan itkilərinə görə, məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Trend-in əldə etdiyi məlumata görə, ermənilər tərəfindən növbəti təxribatlar olacağı təqdirdə Azərbaycan Ordusu onlara daha maraqlı “sürprizlər” təqdim edəcək.

Artıq Azərbaycanın Müdafiə Nazirliyi düşməni xəbərdar da edib: “Ermənistanın hərbi rəhbərliyindəki əliqanlı yaramazları cilovlamaq məqsədilə düşmənin mövqelərinə endiriləcək zərbələr daha sarsıdıcı, təsirli və amansız olacaqdır”.

 

/Trend/