Estoniya Təhsil Nazirliyi ölkəsindəki müəllim və tələbələrin bu ilin may ayında Azərbaycanın işğal altında olan ərazilərinə etdiyi…
Estoniya Təhsil Nazirliyi ölkəsindəki müəllim və tələbələrin bu ilin may ayında Azərbaycanın işğal altında olan ərazilərinə etdiyi qanunsuz səfərlərin bir daha təkrarlanmaması məqsədilə ali təhsil müəssisələri üçün maarifləndirmə işləri aparacaq.
Azərbaycan Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Estoniya Təhsil Nazirliyibaş katibinin müavini Madis Lepayoeni Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla bu gün keçirilən görüşündə deyib.
M.Cabbarov cari ilin may ayında Estoniya Tartu Universitetinin Beynəxalq əlaqələr fakültəsinin tələbə və müəllimlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etməsinin ölkələrimiz arasındakı mövcud dostluq münasibətlərinin ruhuna uyğun olmadığını və bu kimi halların gələcəkdə təkrarlanmayacağına ümid etdiyini nəzərə çatdırıb.
M.Lepayoe sözügedən səfərdən təəssüfləndiyini bildirərək, Tartu Universitetinin rektorunun Azərbaycanın Estoniyadakı səfirliyinə məktub ünvanlayaraq bununla bağlı təəssüf hissi keçirdiyini ifadə etdiyini və Təhsil Nazirliyi olaraq gələcəkdə oxşar insidentlərin baş verməməsi məqsədilə ölkəsinin ali təhsil müəssisələri ilə müvafiq maarifləndirmə işinin həyata keçiriləcəyini söyləyib.
Qonaq Estoniya ilə Azərbaycanın keçdiyi inkişaf yolunda oxşarlıqların olmasını, hər iki ölkənin təhsil sahəsində bənzər çətinliklərlə üzləşdiklərini və Estoniyanın Avropa İttifaqı üzvlüyü çərçivəsində təhsil islahatları sahəsində əldə etdiyi təcrübəni Azərbaycanla paylaşmaqda maraqlı olduğunu bildirib. O, Estoniya və Finlandiya tərəfindən Azərbaycanda ali təhsil sisteminin inkişafına hədəflənmiş layihənin irəli sürüldüyünü qeyd edərək, bu layihənin uğurlu olacağına ümid etdiyini bildirib.
M.Cabbarov Estoniyanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin dəyərli olacağını söyləyib.
/Trend/