Fransa XİN Jak Forun Azərbaycan əleyhinə bəyanatını “pensiyaçının fikri ” adlandırdı

“Fransa Azərbaycanın ərazi bütövlüyünə sadiqdir, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Jak Forun bəyanatı isə pensiyaya çıxmış insanın şəxsi fikrindən başqa bir şey deyil “….

“Fransa Azərbaycanın ərazi bütövlüyünə sadiqdir, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Jak Forun bəyanatı isə pensiyaya çıxmış insanın şəxsi fikrindən başqa bir şey deyil “. Fransa Xarici İşlər Nazirliyinin (XİN) bu mövqeyini XİN-in Kontinental Avropa idarəsinin direktoru Erik Furniye Azərbaycanın Parisdəki səfiri Elçin Əmirbəyovla söhbətində səsləndirib. Bu barədə Trend-ə E.Əmirbəyovun özü məlumat verib.

Daha əvvəl Azərbaycan səfirliyi Ermənistanın bəzi KİV-lərinin məlumatına əsasən iyunun 19-da Yerevanda keçirilmiş NATO Parlament Assambleyasının 89-cu “Rouz-Rout” seminarında J.Forun Azərbaycan əleyhinə bəyanatı ilə bağlı Fransa XİN-ə müraciət etmişdi.

E.Furniye səfirlə söhbətində bəyan edib ki, rəsmi Parisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib və Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə sadiq qalır.

E.Əmirbəyov fransız diplomatdan sitat gətirərək qeyd edib: “Jak For hazırda pensiyadadır, heç bir rəsmi vəzifə tutmur və heç bir formada Fransanın rəsmi mövqeyini ifadə edə bilməz. Onun Yerevandakı bəyanatına gəlincə, Ermənistan KİV-lərinin verdiyi formada edilsə belə, Parisdə həmin bəyanat nəzərə çarpmayıb və onlara pensiyaya çıxmış insanın şəxsi fikri kimi yanaşmaq lazımdır”.

 

/Trend/