Fransa Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının nümayəndəsi: “Azərbaycan informasiya müharibəsinin qurbanı olub”

“Belə birgə yaşayış heyrət doğurur, Azərbaycan təcrübəsi öyrənilə bilər”…

“Belə birgə yaşayış heyrət doğurur, Azərbaycan təcrübəsi öyrənilə bilər”

 

APA.Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Fransa Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının (CRİF) keçmiş rəhbəri Rişar Praskyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın məlumatına görə, görüş zamanı şeyxülislam qonaqlara Azərbaycandakı dini tolerantlıqdan, məzhəblərin və dinlərin mehriban yaşamasından, eyni zamanda Ermənistanın Azərbaycana qarşı işğalçılıq və təcavüzkar siyasətindən danışıb. R. Praskye cavab olaraq deyib ki, şeyxülislamın sadaladığı faktlar Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyət tərəfindən sona qədər öyrənilmədiyini söyləməyə əsas verir: “Siz informasiya müharibəsinin qurbanı olmusunuz. Keçirdiyimiz görüşlər göstərir ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri birgə yaşaya bilər və yaşayırlar. Bu, böyük nailiyyətdir. Sirr deyil ki, bütün dünyada bu sahədə böyük problemlər var, o cümlədən Fransa da istisna deyil. Belə birgə yaşayış heyrət doğurur və mənə elə gəlir ki, Azərbaycan təcrübəsi öyrənilə bilər”.

 

Qonaq qeyd edib ki, Azərbaycanın İsraillə yaxın əlaqələri Fransa yəhudilərində sevinc doğurur: “Bu da öz növbəsində Azərbaycanın bizə yaxın dövlət olması anlamına gəlir”.

 

Daha sonra Rişar Praskye şeyxülislamdan “İŞİD” terror təşkilatına qoşulan müsəlmanlara və terrorçuların fitvalarına münasibətini soruşub. A. Paşazadə Azərbaycanda da “İŞİD”ə qoşulanlar olduğunu təəssüflə vurğulayıb: “Amma digər ölkələrlə müqayisədə onların sayı azlıq təşkil edir. Biz onların ailələri ilə iş aparırıq və başa salırıq ki, terrorun islam dininə aidiyyəti yoxdur. Əfsuslar olsun ki, Azərbaycanın inkişafı bəzi ölkələrdə qısqanclıq hissi doğurur, o cümlədən bəzi müsəlman ölkələrində. Digər tərəfdən, bildiyiniz kimi, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən qonşumuz var və istisna deyil ki, bu işdə onların da əli var. İslam adı ilə öldürmək, baş kəsmək qəbuledilməzdir. Bu, İslam dinini Avropa cəmiyyətində qaralamaq məqsədini güdür”. 

 

/Apa/