“Gəlin Kəlbəcəri, Laçını satışa çıxaraq”

 Ermənilərin işğal etdikləri Dağlıq Qarabağ və ətraf ərazilərdə əhalinin kütləvi surətdə yerləşdirilməsi planları Azərbaycanı adekvat addımlar atmağa məcbur edir…

 

Ermənilərin işğal etdikləri Dağlıq Qarabağ və ətraf ərazilərdə əhalinin kütləvi surətdə yerləşdirilməsi planları Azərbaycanı adekvat addımlar atmağa məcbur edir

Artıq ermənilər özününküləşdirmə planlarını gizlətməyərək bu haqda bəyanatlar da səsləndiriblər. Dağlıq Qarabağ rejiminin “baş naziri” kimi təqdim edilən Ara Araturyan mediaya açıqlamasında Laçın və Kəlbəcər rayonlarına erməni ailələrinin köçürülməsi planlarından danışıb. Bunun üçün 12 milyon dollar vəsait tələb olunduğunu bildirib.
“Axar.az”a açıqlamasında Ərciyəz Universiteti Ermənişünaslıq bölümünün rəhbəri Qafar Çaxmaqlı ermənilərin Laçın və Kəlbəcər rayonlarının ərazicə Ermənistanla bütövləşdirilməsinə çalışdıqlarını bidirib:
“Ermənilərin Laçın və Kəlbəcərlə bağlı xüsusi planları var. Və onlar bu bölgələri sülh danışıqları ilə də Azərbaycana vermək fikirləri yoxdur. Laçın və Kəlbəcər Dağlıq Qarabağ və Ermənistanla ərazi cəhətdən bütövləşdirir. Belə bir fikir olmasaydı “ac Ermənistan ” Vardenisdən Kəlbəcərə milyonlar töküb yol çəkməzdi”.
Məskunlaşmanın bu siyasətin davamı olduğunu deyən Q.Çaxmaqlı həmin planın gerçəkləşməsində Suriyadakı gərginlikdən məharətlə yararlandıqlarını qeyd edib:
“Ermənilərin imkanı olsa, Ermənistanı boşaldıb buraya yerləşdirərlər. Ancaq əhalisi az olduğundan istəyi baş tutmur. Suriyada baş verən məlum olaylar başlayarkən Ermənistan Parlamentində oradan gələn ermənilərin işgal altındakı Azərbaycan torpaqlarında yerləşdirilməsini yaxşı bir fürsət olaraq dəyərləndirənlər oldu. Amma ona qarşı gedənlər də olmuşdu. Özəlliklə milliyətçi kəsim deyirdi ki, Suriyada erməni diasporunu itirmək olmaz. Ermənistanın siyasəti bu oldu ki, gələnləri yerləşdirsinlər”.
Qeyd edək ki, Suriyadan Ermənistana geri gələnlərə məqsədli şəkildə bu ölkədə yaşamaları üçün yaxşı şərait yaradılmadı. Səbəb onların Qarabağda məskunlaşmasına nail olmaq idi.
Ermənilərin açıqladığı rəqəmlərə toxunan Q.Çaxmaqlı Qarabağda minlərcə erməni ailəsinin yerləşdirilməsi iddiasının yalan olduğunu vurğulayır:
“Onların bir çoxu müvəqqəti qalırlar. Qarabağ “rəhbərləri ” müxtəlif üsullarla buraya adam gətirib yerləşdirmək istəyirlər. Kəlbəcərlə bağlı perspektiv yox, gündəlik həyata keçirilən plan var. Şəhərin aşağı hissəsində hər çür şərait yaradılıb. Yaşayanlar var. Məktəb, bağça var, digər sosial yaşantılar üçün imkanlar yaradılıb”.
Xatırladaq ki, A. Aratunyan Laçın və Kəlbəcər rayonlarında erməni ailələrinin köçürülməsinə tələb olunan vəsaiti toplamaq üçün lotereya oyunu keçirəcəklərini deyib. Bu məsələyə toxunan Q.Çaxmaqlı öz torpaqlarımızı hərraca çıxararaq almağı təklif edib:
“Lotereya məsələsinə gəlincə Ermənilər buraya vəsait cəlb etmək üçün min oyundan çıxırlar. Amma məskunlaşma ilə bağlı “DQR “ın qərarı var və ona pul da ayrılıb. Tikinti işləri də gedir. Hər gün “bu işlər qanunsuzdur ” deyərək kimlərisə qınamaqla erməni məskunlaşmasının qarşısını ala bilməyəcəyik. Onlar lotereya ilə pul toplamaq istəyirlər. Biz də gəlin Kəlbəcəri, Laçını satışa çıxaraq. Pulunu nəyə xərcləməsini bilməyən milyonçularımız qoy Kəlbəcəri, Laçını, Şuşanı… alsın. Bu təşəbbüs də qoy məndən olsun!”

 

/Trend/