“Şəhidlərimizin intiqamını tezliklə alacağıq”…
“Şəhidlərimizin intiqamını tezliklə alacağıq”.
Bütün Silahlı Qüvvələrin yeganə məqsədi və arzusu prezident, Ali Baş Komandan İlham Əliyevə tezliklə qələbə raportu verməkdir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev C. Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdəki çıxışında deyib.
General qeyd edib ki, Azərbaycan Ordusu regionda ən qüdrətli ordudur və düşmənlər bundan ciddi narahat olmağa başlayıblar.
O bildirib ki, hər an Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmaq lazımdır:
“Bu əmr hər an ola bilər. Biz torpaqlarımızı işğaldan azad edəcəyik”.
Daha sonra C. Naxçıvanski adına Hərbi Liseydə “Hərbi Lisey Günü” adlı mərasimdə çıxış edən müdafiə naziri Zakir Həsənov bəyan edib.
“Vətənimiz Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qalanda, düşmən torpaq iddiaları ilə Qarabağa hücum edəndə, Vətənin çağırışına ilk olaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri gəldilər.
Xeyli zabitimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid oldu. Mən şəhidlərimizin ruhu qarşısında baş əyirəm və böyük əminliklə bəyan edirəm ki, Heydər Əliyevin siyasətini uğurla davam etdirən Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin intiqamını tezliklə alacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik.
Azərbaycan prezidenti İlham Əliyevi və xalqımızı əmin edirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da Heydər Əliyev ideyalarına sadiq qalaraq Ali Baş Komandanın əmrlərinə hər an hazır olacaq”.