Elxan Süleymanov,
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri,
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü…
Elxan Süleymanov,
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri,
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü
Bu günlərdə Human Rights Watch beynəlxalq təşkilatı özünün növbəti anti-Azərbaycan bəyanatını yayımlayıb. Diqqəti çəkən məqam ondan ibarətdir ki, bəyanat Aİ-nin Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hanın Bakı səfəri ərəfəsində yayımlanıb. Xatırlatmaq istərdim ki, bir qrup xarici QHT-lər Avropa İttifaqının İnsan hüquqları üzrə xüsusi nümayəndəsi cənab Stavros Lambrinidisin fevralın 23-26 tarixlərində Azərbaycana rəsmi səfəri ərəfəsində analoji anti-Azərbaycan bəyanatı ilə çıxış etmişdilər.
Qeyd edilməlidir ki, Human Rights Watch təşkilatı növbəti dəfə də öz “ənənəsinə” sadiqlik nümayiş etdirərək, heç bir əsas olmadan Azərbaycanda insan hüquqlarına qarşı radikal təzyiqlərin artdığını və repressiyaların dərinləşdiyini iddia edir. Əlbəttə, burada heç bir yenilik yoxdur və Human Rights Watch təşkilatı öz ampluasından çıxış edərək, Azərbaycana qarşı hazırlanmış qərəzli kampaniyanın flaqmanı rolunda özünü təsdiqləməyə çalışır.
Lakin maraqlıdır ki, bəyanat anti-Azərbaycan xarakteri daşısa da, əsasən Azərbaycan ictimaiyyətinə deyil, Avropa İttifaqına və onun Bakıya səfər edən Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hana ünvanlanıb. Human Rights Watch bəyanatda Avropa İttifaqını Azərbaycanla əməkdaşlıq etdiyinə görə qınaq obyektinə çevirib. Bəyanat müəllifləri iddia edirlər ki, “ölkədə insan hüquqlarına radikal təzyiqlər artdıqca, Avropa İttifaqı əksər hallarda kənara çəkilmişdir” və “dərinləşən repressiyalara baxmayaraq, Aİ Azərbaycanla əlaqələri daha da möhkəmləndirək niyyətindədir”. Qeyd edilənlər Human Rights Watch təşkilatının məkrli məqsədlərinə tam aydınlıq gətirir. Göründüyü kimi, bu təşkilatın əsas məqsədi Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqdan, Azərbaycanın Aİ ilə, bütövlüklə isə dünya ictimaiyyəti ilə əlaqələrinin kəsilməsinə, ölkəmizin dünyadan təcrid edilərək təklənməsinə nail olmaqdan ibarətdir.
Digər tərəfdən, qeyd edilənlərdən aydın olur ki, Human Rights Watch təşkilatının əsas məqsədi insan hüquqlarını qorumaq olsaydı, bu təşkilat Azərbaycan ərazilərinin 23 ildən artıq müddət ərzində işğalına son qoyulması və yüz minlərlə insanın hüquqlarının bərpası istiqamətində addımlar atardı. Bu təşkilatın əsl məqsədi insan hüquqlarının müdafiəsi deyil, onların əsl məqsədi Azərbaycana qarşı təzyiqləri artırmaq, Ermənistana himayədarlıq etmək və Azərbaycan ərazilərinin işğal müddətini uzatmaqdır.
Üçüncü bir tərəfdən, hadisələrin təhlili göstərir ki, beynəlxalq aləmdə insan hüquqları ilə bağlı aparılan anti-Azərbaycan kampaniyası sistemli xarakter daşıyır, bir mərkəzdən idarə edilir, Human Rights Watch təşkilatının bəyanatı da bu kampaniyanın tərkib hissəsi kimi nəzərdə tutulub və bu kampaniya 2015-ci il Birinci Avropa Yay Olimpiya Oyunları və Parlament seçkiləri ərəfəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi imicinin formalaşdırılması üçün əsas vasitələrdən biri kimi istifadə edilməkdədir.
Human Rights Watch təşkilatı 100 milyonluq layihə ilə eynicinslilərin evlənməsinin təbliği ilə məşğuldur. Allahın qanunlarına zidd, eyni zamanda yer üzünün əşrəfi sayılan insanın məhv olunmasına yönəlmiş layihə icra edən bir təşkilatın ümumiyyətlə insan hüquqlarından danışmağa mənəvi haqqı varmı!?