İlham Şaban: Statoil-un “Şahdəniz”dən getməsi heç də kommersiya maraqları ilə bağlı deyil

“Bu xəbərin məğzi ondan ibarət idi ki,…”…

“Bu xəbərin məğzi ondan ibarət idi ki,…”.

Statoil kimi böyük bir neft və qaz şirkəti niyə “Şahdəniz” layihəsindən çıxmaq qərarına gəldi?

Əslində Norveçin dövlətə məxsus neft və qaz şirkətinin gec-tez belə bir qərar verəcəyi artıq bir il əvvəl özünü büruzə verməyə başlamışdı.

Bu sözləri Oxu.Az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəriİlham Şaban bildirib:

“O zaman, yəni 2013-cü ilin oktyabrın sonunda Statoil şirkəti Fransanın Total şirkəti ilə SOCAR-a bildirmişdilər ki, onlar TANAP layihəsinə qoşulmaqdan vaz keçirlər. Sonradan bunu Statoil nümayəndələri qeyri-rəsmi söhbətlərdə layihənin bahalılığı ilə izah etməyə çalışırdılar. Və nəhayət, 2013-cü ilin dekabrında SOCAR və tərəfdaşları Şahdəniz-in “Mərhələ-2” layihəsini sanksiyalaşdırmağa hazırlaşarkən Norveç şirkəti tərəfindən gözlənilməz bir “bəd xəbər” aldılar.

Bu xəbərin məğzi ondan ibarət idi ki, Statoil faktiki olaraq Xəzər qazının Avropaya çatdırılması yönümündə ən önəmli resurs bazası kimi ortada olan “Şahdəniz-2” layihəsinin bahalılığını bəhanə gətirib onun maliyyələşdirilməsində problemlərlə üzləşdiyini ortaya qoyurdu və layihənin operatoruna, o cümlədən layihəni təsdiq etməli olan Azərbaycan hökumətinə dolayısı ilə bəyan edirdi ki, “mən payımı satmalıyam”. Bu məqamda faktiki olaraq BP və SOCAR qısa zamanda Statoil-in 10%-ni alaraq dekabrın 17-də “Mərhələ-2” layihəsinin nəzərdə tutulduğu vaxtda imzalanmasını həyata keçirə bildilər.

O zaman mən “Turan” agentliyində xəbər vermişdim ki, Statoil Azərbaycanın infrastruktur layihələrini də tərk etməyə hazırlaşır və buna çoxları nəinki şübhə, hətta qeyri-ciddi yanaşmışdılar.

Beləliklə, bu gün Statoil rəsmən elan etdi ki, o “Şahdəniz”dəki və Cənub-Qafqaz boru kəməri layihəsindəki 15,5% payını,  o cümlədən Azerbaijan Gas Supply Company şirkətindəki 12,4%-ni Malayziyanın Petronas şirkətinə 2,25 milyard dollara satıb.

Cəmi 1 il əvvəl isə Statoil BP ilə “Şahdəniz”də eyni paya malik idi. Həmçinin hüquqi baxımdan Azərbaycan qazının “Şahdəniz-1” layihəsində satıcısı kimi kommersiya operatoru olaraq qalırdı. Bütün bunlardan imtina etmək, məncə, həqiqətən kommersiya strategiyasi ilə və ya rentabelliyin azlığı məsələsi ilə inandırıcı görsənə bilməz. İkinci dəlili meqa layihələri tərk edəndə adətən kiçik və orta şirkətlər əsas kimi gətirirlər.

Layihənin kommersiya cəhətdən cəlbediciliyini isə o məqam vurğulayır ki, Statoil “Şahdəniz”dəki öz payını 1 il əvvəlkindən çox da olmasa, ancaq baha sata bildi. Əgər 2013-cü ilin dekabrında 10%-lik payını 1,45 milyarda BP və SOCAR-a satmışdısa, indi 15% payını 2,25 mlrd-a satdı. Əgər nəzərə alsaq ki, dollar bahalaşmağa doğru gedir, demək “Şahdəniz”ə olan maraq böyükdür. Əsasən də regionda işləyən şirkətlər tərəfindən. Elə bu yaxınlarda TPAO-nun öz payını 9 faizdən 19%-dək yüksəltməsi buna real sübutdur.

Belədirsə, demək Statoil-un Şahdənizdən və infrastruktur layihələrindən getməsi heç də kommersiya maraqları ilə bağlı deyil”, – ekspert vurğulayıb.

www.oxu.az