İşçi qrup siyasi məhbus siyahısı hazırlamayacaq

Qurum hökumət qarşısında bir neçə məsələ qaldırmağa hazırlaşır…

Qurum hökumət qarşısında bir neçə məsələ qaldırmağa hazırlaşır
Səadət Bənənyarlı: «Yaxın zamanda atılacaq addımların nəticələrini görəcəyik»

 

12 avqust 2014-cü il tarixində Avropa Şurasının baş katibi Torbörn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığından sonra İnsan Haqları üzrə İşçi qrup yenidən təşkil ediləcəyi və bu quruma Avropa Şurasının nümayəndəsi daxil olacağı haqda bəyanat yaymışdı.  Oktyabrın 22-də həmin məsələ ilə bağlı toplantı keçirilib və artıq İnsan Haqları üzrə İşçi Qrup 6 ildən sonra fəaliyyətini bərpa edib.
Qeyd edək ki, keçirilən toplantıda Səməd Seyidov və Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov İşçi qrupun həmsədri seçilib. Bundan əlavə, qurumun 3 nəfərlik katibliyi də yaradılıb. Katiblikdə Səadət Bənənyarlı da təmsil olunur. İşçi qrupda hökumət yönümlü QHT rəhbərləri ilə yanaşı müstəqil mövqeyi ilə tanınan Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Çingiz Qənizadə, Sahib Məmmədov da var. 
Qrup necə fəaliyyət göstərəcək, hansı prinsipləri rəhbər tutacaq?
 
Səadət Bənənyarlı “Bizim Yol ” qəzetinə bildirdi ki, qurum yaxın gələcəkdə keçiriləcək görüşə hazırlaşır: “İşçi qrupun iclası keçiriləcək və toplantıya tövsiyələr hazırlanır ki, onlar da razılaşdırılaraq təqdim olunacaq. Bundan sonra müəyyən addımlar atılacaq “. 
S.Bənənyarlı sözügedən tövsiyələrin nədən ibarət olduğunun hələ ki, açıqlanmayacağını qeyd etdi: “Hələ ki, İşçi qrupunun katibliyinə təkliflər daxil olunur, cəmlənir və gündəlik hazırlanır ” – deyən S.Bənənyarlı yaxın zamanda atılacaq addımların nəticələrini görəcəyimizi bildirdi.
Bəs İnsan Hüquqları üzrə Birgə Qrup hansı siyahını əsas götürəcək? ( “Media forum “) Səadət Bənənyarlı deyib ki, Birgə Qrup heç bir siyahı hazırlamayacaq: “Qrup məhkəmələrdə hüquqları pozulmuş şəxslərin işlərinə baxacaq. Birgə Qrupda Hüquq Müdafiəçiləri Monitorinq Qrupunun bir neçə üzvü təmsil olunur. Monitorinq qrupunun siyasi məhbus siyahısı var. Birgə Qrupda olan üzvlər o siyahıda olan insanların azadlığa çıxması məsələsini qaldıracaq. Siyahıda 24 nəfərin adı yer alır. Biz monitorinq qrupunun üzvü olaraq o siyahının yenidən müzakirəyə çıxarılmasını istəyirik. Yaxın vaxtlarda qrupun növbəti iclasının vaxtı bilinəcək və biz istərdik ki, nəticələr qənaətbəxş olsun. Hələlik təkliflər toplanır, bunun əsasında da qrupun katibliyində növbəti iclasın gündəliyi hazırlanır “.
Novella Cəfəroğlu bildirib ki, Birgə Qrupdan problemli məhbus kimi qəbul edilən bütün insanların məsələsinin həll olunacağını gözləyirlər: “Hələ ki, iş gedir. İctimaiyyətə açıqlama verəcəyik. Kimin haqqı tapdanıbsa, çalışacağıq onun məsələsinə baxılsın “.
Avqustun 25-də Azərbaycanın bəzi hüquq müdafiə qurumları və vəkilləri siyasi məhbus hesab etdikləri 98 nəfərin siyahısını yayıb. Ötən müddət ərzində siyahıdakı şəxslərdən 3-ü haqqında həbs qətimkan tədbiri dəyişdirilib, 4 nəfər isə əfv olunub. Jurnalist, siyasətçi Seymur Həzi və AXCP üzvü Murad Ədilovun adları əlavə olunduğundan hazırda siyasi məhbus siyahısında 93 nəfərin adı var.
Novella Cəfəroğlu “Azadlıq radiosu “na müsahibəsində isə bu barədə daha geniş danışıb. 
– Yeni yaradılan İşçi qrupunda hansı işlər görülür?
 
– İndi texniki məsələlər müzakirə edilir. Noyabrın əvvəlindən iş başlanacaq. Bildiyiniz kimi, bu qrupun əsas məqsədi siyasi məhbusların azadlığına çalışmaq və hüququ pozulan vətəndaşlara yardım göstərməkdir. Üç aydan sonra yenidən əlaqə saxlasanız, işimizin nəticəsi haqda daha geniş danışarıq.
– Sizin qrup kimləri siyasi məhbus sayır?
– Bu barədə ətraflı məlumat verəcəyik. Hələlik, texniki məsələlərlə məşğuluq – hədəflərimizi, kimin hansı işi görəcəyini müəyyənləşdiririk. Noyabr ayından insanlar haqda müzakirələr başlanacaq. Hələ ki, həmsədrlər seçilib, işlər bölüşdürülür.
– Həmsədrlərdən söz düşmüşkən, onların hər ikisi dövlət qurumlarının təmsilçisidir. Sədrlikdə vətəndaş cəmiyyətinin nümayəndəsi niyə təmsil olunmur?
– Vətəndaş cəmiyyətinin nümayəndəsi kimi mənə sədrlik təklif edilmişdi, amma özüm imtina etdim. Axı sədr iclası 
idarə etməklə kifayətlənir, işi budur. Qrupda üzərimə daha çox öhdəlik və iş düşdüyündən imtina etdim.
– Həbsdəki NİDA-çı və bəzi digər məhbuslar iyulda bir neçə hüquq müdafiəçisinin, o sıradan sizin müdafiənizdən imtina etdiklərini bildirmişdilər. Bu amil qrupa etimadı azaltmır?
– O uşaqlar həbsdədirlər. Dışarıda nə baş verdiyindən, kimin nə edib-etmədiyindən xəbərsizdirlər. Kimsə bizim hansısa iş görmədiyimizi, onların hüquqlarını qorumadığımızı bir kağıza yazıb, o uşaqlara imzalatmışdı. Onlardan heç bir incikliyimiz yoxdur. Qapıları açılsın, biz onların da azadlığa çıxmaları üçün əlimizdən gələni edəcəyik. Bizim iradımız onu təşkil edənlərə, o kağızı onlara imzaladanlaradır.
– Yeni İşçi qrup barədə rəylər də birmənalı deyil. Hətta qrupu hakimiyyətlə sövdələşmədə qınayanlar da var…
– Sövdələşməyə gedib, nə edəsiyik? Oğlumu işə düzəldəcəyəm? Eləcə də qrupun digər üzvləri. Başlıca amalımız siyasi dustaqların azaldığına, pozulan insan haqlarının bərpasına nail olmaqdır.
– İşçi qrupun adının dəyişməsi nədən qaynaqlanır – əvvəlki qrup – 2005-2008-ci illərdə çalışanlar siyasi məhbuslarla bağlı işçi qrup adlanırdı. İndi ad dəyişib, insan haqları ilə bağlı birgə qrup olub.
– İstədik daha əhatəli, daha geniş olsun və təkcə siyasi məhbuslarla kifayətlənməyək. Bizim cəmiyyətə minlərlə müraciət daxil olur. Sadə insanların da pozulan hüquqlarını bərpa etmək lazımdır.
– Avropa Məhkəməsi İlqar Məmmədovun dərhal azadlığa buraxılmasına dair qərar çıxarıb. Aylar öncə keçmiş səhiyyə naziri Əli İnsanovla da bağlı da eyni qərar açıqlanmışdı, amma o, hələ də həbsdədir. Bu barədə nə düşünürsünüz?
– Biz Avropa Məhkəməsi qərarının icrası üçün hökumət qarşısında məsələ qaldıracağıq. Bütün bu məsələlərin həllinə çalışacağıq.
/Bizimyol/