Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 24 il ötür
Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 24 il ötür.
Laçın zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik bir diyardır. Rayonun şərqində Qarabağ silsiləsinin cənub-qərb yamacları, şimalında Mıxtökən silsiləsi uzanır. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatları olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 kilometr) yaradır ki, bu çay da Araza qovuşur. Ərazisində Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar, zəngin meşələr, yaylaqlar var.
1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsilədən ibarət bitki örtüyü vardı. Laçın Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb.
Laçın rayonu üzrə 33 min 285 hektar meşə fondu torpaqları var ki, bunun da meşə ilə örtülü sahəsi 26 min 647 hektardır. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi. Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, dövlət meşə fondu torpaqlarında 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə olunurdu.
Azərbaycanın bu füsunkar guşəsi 24 ildir ki Ermənistanın işğalı altındadır. 1992-ci il mayın 18-də erməni hərbi birləşmələri 1835 kvadratkilometr ərazisi olan Laçın rayonunu – bir şəhər, bir qəsəbə və 125 kəndi işğal edib, bu yerlərin 60 min nəfərə yaxın sakinini öz doğma torpağından didərgin salıblar. Müharibə zamanı 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb. İşğal nəticəsində rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi talan və məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb. İctimai və şəxsi təsərrüfatlardakı 25 min baş iri və 200 min başdan çox davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı qarət edilib. Təxmini hesablamalara görə, işğal nəticəsində rayona 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.
Laçın ərazisindəki 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), əhəngdaşı, Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, həmçinin Quşçu pemza, Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, əqiq, 2 əlvan bəzək daşı, 3 vulkan külü və Minkənd mineral su yataqları 24 ildir ki, ermənilər tərəfindən talan edilir. Nadir ağac növləri olan meşələr qırılaraq Ermənistana daşınır.
Laçın rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, kurqan, qala tipli abidələr, məbədlər, çoxlu sayda qəbirüstü abidələr, at, qoç fiqurları, süjetli daşlar, gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, bir tağlı və iki tağlı körpülərlə zəngindir. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır.
Ağoğlan məbədi (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi (XII əsr), Kar Künbəz türbəsi (XVII), Soltanlar kəndində Həmzə Soltan sarayı (1761-ci il), Quşçu kəndində Pir (XII-XIII əsrlər), Uşaq qalası (XV əsr), Şəlvə kəndində məbəd, Mirik kəndi ərazisində qala (XV əsr), Qaranlıq kaha, Bayqara mağaraları, Zeyvə kəndində Soltanbaba türbəsi, Güləbird kəndində Sultanbud məbədi, Minkənd kəndində Alban kilsəsi, X-XIX əsrlərə aid ikitağlı və birtağlı körpülər, Seyidlər kəndində birtağlı körpü (XIX əsr), Pircahan körpüsü, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, dəmir və tunc dövrünə aid kurqanlar, qəbiristanlıqlar və onlarca digər məbədlər erməni vəhşiliyinin qurbanına çevrilib. Rayondakı tarixi, mədəni və dini abidələrin bir çoxu dağıdılıb, bir çoxu isə erməniləşdirilib. Laçının 74 min nəfərdən çox sakini isə 24 ildir ki, respublikanın 59 şəhər və rayonunda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisində 84 obada məcburi köçkün həyatı yaşayırlar.
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq Ağcabədi rayonunun Taxtakörpü ərazisində bütün infrastruktura malik 610 ailəlik üç qəsəbə salınıb. Prezident İlham Əliyev 2011-ci il dekabrın 24-də 552 ailəlik yeni qəsəbənin açılışında iştirak edib. Ərazidə 1500 ailəlik daha bir qəsəbənin tikilməsi nəzərdə tutulur.
Laçın rayonunun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. Ötən dövr ərzində 13 min nəfərdən çox laçınlı məcburi köçkünün məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində geniş tikinti-abadlıq işləri aparılıb, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, 121 saylı Laçın Seçki Dairəsi, rayon polis şöbəsi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, təhsil şöbəsi, Malıbəy obasında tibb məntəqəsi, Əhalinin Sosial Müdafiəsi və Məşğulluq Mərkəzləri, “Kapital bank” ASC-nin rayon filialı üçün inzibati binalar, mədəniyyət evi, xəstəxana, 5 ümumtəhsil məktəbi, 4 uşaq bağçası tikilib istifadəyə verilib. Taxtakörpü qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı, Gənclər parkı salınıb.
Taxtakörpü ərazisinə təbii qaz xətti çəkilib, 256 və 512 nömrə tutumlu iki elektron ATS quraşdırılıb, qəsəbədə və ərazidəki obalarda artezian quyuları qazılıb, modul tipli su təmizləyici qurğu quraşdırılıb. Ərazidə əkin və otlaq sahələrini suvarmaq üçün beton üzlüklü kanal çəkilib, təsərrüfat su kanalı şəbəkəsi yaradılıb.
Bütün bunlara baxmayaraq, laçınlıların ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır. Onlar 24 ildir ki, Laçın niskili, yurd həsrəti ilə yaşayırlar. Əli silah tutan hər bir laçınlı torpaqlarımızın yadelli işğalçılardan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa hazırdır.
AZƏRTAC