Millimizin futbolçusundan qondarma dövlətə dəstək (FOTOLAR)

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandasının futbolçusu Melis Sarıaltının şok fotoları yayılıb…

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandasının futbolçusu Melis Sarıaltının şok fotoları yayılıb. Qol.Az-ın sportnet.az saytına istinadən yaydığı məlumata görə, Almaniya “Bayer “inə məxsus yarımmüdafiəçi ötən gün Düsseldorfda İŞİD terrorçularının Suriyada kürdlərin yaşadığı Kobaniyə hücumuna etiraz aksiyalarına qoşulub.

O, əynində “Kurdistan ” ( “Kürdüstan “) yazılmış köynək və əlində PKK terrorçularının və təşkilatın lideri Abdullah Öcalanın fotosunun əks olunduğu bayraqla nümayişə çıxıb. O, “Facebook ” profilində paylaşdığı fotoya “Kobani yalqız deyil ” statusunu yazıb. Nümayişçilər də PKK lideri Abdullah Öcalanın şəkli olan bayraq qaldırıblar. 

Sarıaltının bu addımı heç də birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə əlində kürd bayrağı tutan və terrorçu PKK lideri Abdullah Öcalanın şəklinin nümayiş etdirildiyi aksiyaya qatılan futbolçunun millimizdə oynamasının yolverilməzliyi vurğulanıb.

Məsələ ilə bağlı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğludan münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Melis Sarıaltın 14 yanvar 1996-cı ildə Türkiyənin Tunceli vilayətinin Dersim şəhərində anadan olub. “Facebook ” profilindəki qeydlərinə əsasən, o, hazırda Almaniyanın Köln şəhərində yaşayır. Sarıaltın əvvəlcə Azərbaycanın 17 yaşadək yığmasının heyətinə cəlb olunub. Yeniyetmə futbolçu U-17 millimizdə ilk rəsmi matçını 30 sentyabr 2011-ci ildə Avropa çempionatının seçmə oyununda Ukraynaya qarşı keçirib. Bu ildən isə o, U-19 millimizdə çıxış etməyə başlayıb. Ötən ay Sarıaltın Avropa çempionatının seçmə oyunlarında Ukrayna, Danimarka və Kiprə qarşı forma geyinib.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

/Milli.az/