Hər il dekabrın 18-i dünyada Beynəlxalq Miqrant Günü kimi qeyd olunur.
AZƏRTAC bu günlə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin məqaləsini təqdim edir.
1990-cı il dekabrın 18-də BMT Baş Məclisi tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilib. Bu Konvensiya Azərbaycan Respublikası Milli Məclisinin 1998-ci il 11 dekabr tarixli qanunu ilə ratifikasiya olunub. 2000-ci ildən etibarən dekabrın 18-i dünyada Beynəlxalq Miqrant Günü kimi qeyd olunur.
Bu gün dünyada miqrasiya proseslərinin tənzimlənməsi, miqrantların hüquqlarının qorunması ən aktual problemlərdən biridir. Çünki təəssüf hissi ilə deməliyik ki, miqrasiya mənfi qlobal proseslər – milliyyətçilik, ultramilliyyətçilik, populizm, iqtisadi mühafizəkarlıq və artan antimiqrant düşüncələri və siyasətləri fonunda baş verir. Yaranmış vəziyyət qarışıq, həm də təhlükəli hal alır.
Statistik məlumatlara görə, dünyada bir milyarddan çox miqrant var. Onların 250 milyonu beynəlxalq miqrantlar, yəni, başqa ölkələrə, 750 milyonu isə ölkələrinin daxilində miqrasiya edənlərdir. Proqnozlar göstərir ki, 2030-cu ildə dünya əhalisinin 60 faizi şəhərlərdə məskunlaşacaq. Araşdırmalar inkişaf etməkdə olan ölkələr arasında miqrasiyanın həcminin artdığını deməyə əsas verir. Həmçinin tədqiqatlar göstərir ki, beynəlxalq miqrantların isə əksəriyyətini əməkçi miqrantlar təşkil edir.
Beynəlxalq miqrantlar tərəfindən mənşə ölkələrində qalan ailə üzvlərinə göndərdikləri pul baratlarının 2016-cı il üçün hesablanan ümumi həcmi 601 milyard dollardır. Bu məbləğ dünyada göstərilən bütün xarici yardımların ümumi məbləğindən iki dəfə çoxdur və az qala bütün xarici investisiyaların məbləğinə bərabərdir.
Hazırda bəşəriyyət İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün axınına şahid olur. İndi dünyada ümumilikdə 65,3 milyon şəxs məcburi olaraq öz yurd-yuvasından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib. Avropanın rekord həddə sığınacaq müraciəti qəbul etməsinə baxmayaraq, qaçqınların böyük əksəriyyəti – təxminən 86 faizi hələ də kasıb və ya inkişaf etməkdə olan ölkələr tərəfindən məskunlaşdırılır.
Doğrudur, 2016-cı il bir neçə aspektdən miqrasiya üçün əhəmiyyətli il olub. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) BMT sisteminə daxil olması, qaçqınlar və miqrantlarla bağlı Nyu-York Bəyannaməsinin qəbulu bunu deməyə əsas verir. Nyu-York Bəyannaməsi qaçqınların və miqrantların həyatlarını, hüquqlarını qorumaq üçün beynəlxalq ictimaiyyətin siyasi iradəsini özündə ehtiva edir. Bəyannaməni mahiyyətcə bərabər olan iki hissəyə bölmək olar. Birinci hissə miqrantların sağlamlığını, ləyaqətini, əsas insan hüquq və azadlıqlarını qorumaq üçün üzv dövlətlərin dərhal icra etməli olduğu öhdəlikləri əhatə edir. İkinci hissədə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün ayrı, qaçqınlar üçün ayrı olmaqla 2018-ci ildə qəbulu nəzərdə tutulan qlobal vəhdətə aparacaq hökumətlərarası prosesə başlamaq barədə üzv dövlətlərin niyyətini əks etdirir. Qlobal vəhdət miqrasiya sahəsində daha geniş əməkdaşlıq üçün çərçivə rolunu oynayacaq. Çünki demoqrafik təzyiqlər fonunda miqrasiyanın idarəedilməsinə qanunçuluq, insan hüquq və azadlıqlarına hörmət və ləyaqət prinsiplərini rəhbər tutan yanaşmanın nümayiş etdirilməsi vaxtıdır.
Ulu öndər Heydər Əliyevin şah əsəri olan və müstəqilliyinin bərpasının 25 illiyini qeyd edən Azərbaycan Respublikası üçün miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsinin təmini, miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir. Dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları – sərbəst hərəkət etməsi və yaşayış yeri seçməsi, təhsil alması, əmək fəaliyyəti ilə məşğul olması, səhmdar və sahibkar kimi fəaliyyəti göstərməsi, şəxsi toxunulmazlığı, mənzil toxunulmazlığı, istirahət etməsi, sağlamlığının qorunması, vicdan azadlığı tam təmin olunur.
Yaradılmasının on illik yubileyini qeyd etməyə hazırlaşan Dövlət Miqrasiya Xidməti beynəlxalq təcrübənin öyrənilməsinə hər zaman xüsusi diqqət yetirir. Belə ki, ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlərin inkişaf etdirilməsi, dialoqun gücləndirilməsi, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, əməkçi miqrantların hüquqlarının müdafiəsinin gücləndirilməsi, qaçqın və sığınacaq axtaranların inteqrasiyası və s. sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə olunması məqsədilə son illərdə əhəmiyyətli addımlar atılıb. BMT və onun Qaçqınlar üzrə Ali Komissarlığı, BMqT, Avropa İttifaqı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, ATƏT, Müstəqil Dövlətlər Birliyi (MDB) kimi təşkilatlarla əməkdaşlıq inkişaf etdirilib.
2012-ci ildə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçildikdən sonra iki qurum arasında əməkdaşlıq əlaqələri daha da genişlənib. Əməkdaşlığın yüksək səviyyədə olması istər rəhbər, istərsə də işçi qaydada baş tutan qarşılıqlı səfərlərdə özünü büruzə verir.
Məlum olduğu kimi, MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası da bu il oktyabrın 12-də Bakıda yüksək səviyyədə keçirilib. Həmçinin Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) təşkilatçılığı ilə noyabrda Vyanada keçirilən Miqrasiya Konfransında da Azərbaycan nümayəndə heyəti fəal iştirak edib.
Ötən illər ərzində miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası bir sıra ölkələrlə sazişlər imzalayıb.
İkitərəfli münasibətlər əsasında Türkiyə, Fransa, Monteneqro, Almaniya, İsveç, İsveçrə, Belçika, Lüksemburq, Niderland, Latviya, Estoniya, Rusiya, Qazaxıstan, Belarus, Moldova, Gürcüstan, Pakistan və digər ölkələrlə miqrantların sosial müdafiəsi sahəsində əməkdaşlıq əlaqələri genişləndirilir, birgə layihələr həyata keçirilir, onların qanuni miqrasiya, miqrasiyanın effektiv idarə olunması, readmissiya, könüllü qayıdış, eyni zamanda, miqrasiya sahəsində qabaqcıl və innovativ xarakterli təcrübələri öyrənilir.
Miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycan Respublikasının əsas tərəfdaşı kimi çıxış edən BMqT ilə Xidmət arasında əməkdaşlıq yüksək səviyyədə qurulub. Belə əməkdaşlıq çərçivəsində BMqT ilə birgə Azərbaycanda miqrantların hüquqlarının qorunması, insan alverinə qarşı mübarizə, readmissiya idarəçiliyi, potensialların artırılması ilə bağlı bir sıra layihələr həyata keçirilib. Hazırda BMqT ilə “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi (2014-2017-ci illər) uğurla reallaşdırılır. Bu layihə çərçivəsində görülmüş işlərdən biri Dövlət Miqrasiya Xidmətinin təyin etdiyi cərimələrin “ASANPAY” ödəniş sistemi vasitəsilə ödənilməsi proqramının Xidmət tərəfindən hazırlanması və artıq istifadəyə verilməsi olub.
Qeyd olunanlarla yanaşı, bu il dekabrın 8-də Cenevrədə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım Üzrə Pilot Layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi”i imzalanıb. Pilot layihənin əsas məqsədi könüllü olaraq öz ölkələrinə dönmək arzusunda olan, sığınacaqla təmin olunmaq istəyinə rədd cavabı almış şəxslərin və həssas miqrantların mənşə ölkələrinə uğurla qayıtmaları üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Böyük əhəmiyyətə malik bu Sazişin imzalanma mərasimində BMqT-nin baş direktoru Uilyam Leysi Svinq ötən il ölkəmizə səfərini və səfər zamanı dövlətimizin başçısı ilə görüşünü xatırladıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında yaradılmış sabitliyi və mütərəqqi miqrasiya idarəçiliyi modelini, eləcə də ölkədə multikultural dəyərlərə verilən önəmi bir daha vurğulayıb. Həmçinin könüllü qayıdışa yardım çərçivəsində imzalanan saziş qarşılıqlı inam və etimadın nümunəsi kimi səciyyələndirilib.
Əlbəttə, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada enerji-nəqliyyat sahələrində beynəlxalq və regional layihələrin həyata keçirilməsi, Azərbaycanda mövcud olan ictimai-siyasi və iqtisadi sabitlik, biznes sahəsində əlverişli şəraitin yaradılması, yüksək templi iqtisadi inkişaf əcnəbilərin ölkəmizə axınına səbəb olan əsas amillərdir. Həmçinin ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə təsir edən amil kimi qeyd edilməlidir. Bununla əlaqədar olaraq vurğulanmalıdır ki, bu günə qədər Azərbaycanda miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusu qeydə alınmayıb. Lakin biz qaçqın və miqrant dalğası fonunda Avropada islamofobiya meyillərinin artması və İslam dininin zorakılıq və terrorçuluqla eyniləşdirilməsi cəhdləri ilə bağlı öz dərin narahatlığımızı Nyu-Yorkda BMT Baş Assambleyasının bu ilin sentyabrında “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşündə, görüş çərçivəsində, “Qaçqın və miqrantlar, habelə köçürülmə ilə bağlı məsələlər üzrə beynəlxalq tədbirlər və əməkdaşlıq: qabaqdakı yol” adlı “dəyirmi masa”da, Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 67-ci sessiyasında, sessiya çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Svinq ilə görüşlərdə də ifadə etmişik.
Bu gün dünyada qaçqın və məcburi köçkün problemi çox kritik bir həddə çatıb. Əlbəttə məcburi köçkünlərin ağır vəziyyəti və ehtiyacları heç cür diqqətdən kənarda qalmamalıdır və buna görə də, beynəlxalq ictimaiyyətin bu problemin həllinə münasibətdə ümumi və vahid yanaşmadan çıxış etməsi zəruridir. Münaqişədən əziyyət çəkmiş ölkə kimi biz qaçqınların və məcburi köçkünlərin iztirablarını çox yaxşı başa düşürük. Təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlı öz daimi yaşayış yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 4 qətnamə təəssüf ki, icra olunmur. Qeyd etmək lazımdır ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq imkanı verilməsinin zəruriliyi ilə bağlı beynəlxalq birliyin tələbinin yerinə yetirilməsi onların hüquqlarının hərtərəfli təminatı üçün olduqcа zəruridir.
Hazırda dünyada 10 milyona yaxın vətəndaşlığı olmayan şəxs var. Azərbaycan Respublikası vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə 2015-ci ildən BMT QAK-ın “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Kampaniya çərçivəsində ölkənin bütün regionları üzrə müvafiq işlər görülməkdədir. Belə ki, vətəndaşsızlıq hallarının azaldılması, bununla mübarizə sahəsində məlumatlılığın artırılması, uzun müddət ölkə ərazisində yaşayan və hər hansı bir dövlətin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədlərə malik olmayan şəxslərin hüquqi statusunun müəyyən olunması, sənədləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər uğurla davam etdirilir.
Həqiqət budur ki, öz hüquqlarını bilməyən şəxs hər an insan alverinin qurbanına çevrilə bilər. Ona görə də Dövlət Miqrasiya Xidməti ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırması üçün müntəzəm olaraq maarifləndirilmə tədbirləri həyata keçirir. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə təsis edilmiş 18 iyun – İnsan Hüquqları Günü ilə bağlı bu il Göygöldə, Qobustanda, Yevlaxda, Lənkəranda insan hüquq və azadlıqlarından bəhs edən mövzularda tədbirlər keçirilib. İnsan hüquq və azadlıqlarından bəhs edən mövzularda keçirilən genişmiqyaslı tədbirlərdə Xidmətin əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, sahibkarlar, ictimaiyyətin nümayəndələri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər. Tədbirlərdə respublikamıza təşrif buyuran hər bir əcnəbinin hüquq və azadlıqlarının qanunla qorunduğu, Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında miqrasiya proseslərinin idarəedilməsi və tənzimlənməsi ilə bağlı görülən işlər, beynəlxalq təcrübənin öyrənilməsi, qanunvericiliyə edilən yeniliklər barədə məlumat verilib. Vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə tədbirlərinin görüldüyü diqqətə çatdırılıb. Eləcə də Dövlət Miqrasiya Xidməti regional miqrasiya idarələrinin xidmət ərazilərinə aid olan Mingəçevir, Ağcabədi, Zərdab, Ağdaş, Ucar və Ağdamda, Zaqatala, Qax, Qəbələ və Balakəndə, Samux, Şəmkir, Naftalan, Daşkəsən, Gədəbəy və Tovuzda, Sabirabad, Saatlı, Beyləqan, Füzuli və İmişlidə, Xaçmaz, Şabran, Qusar, Xudat, Siyəzən və Qubada, Biləsuvar, Cəlilabad və Yardımlıda, Kürdəmir və Ağsuda maarifləndirmə tədbirləri keçirib. Mingəçevir, Zaqatala, Balakən, Qax, Qusar, Ağcabədi, Zərdab, Şəmkir, Balakən, İmişlidə isə həm də səyyar xidmətlər təşkil edib.
“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, Salyan və Neftçala şəhərlərində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ictimaiyyət və mətbuat nümayəndələri üçün “Açıq qapı günü” təşkil olunub.
Həmçinin əcnəbi uşaqların yerli şəraitə uyğunlaşdırılmaları, təhsilləri, uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı qanunvericilikdən irəli gələn məsələlər də Xidmət tərəfindən diqqətdə saxlanılıb.
Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ətraflı məlumatlandırılması və maarifləndirilməsi üçün mütəmadi olaraq, Xidmətin fəaliyyətini, miqrasiya prosedur qaydalarını özündə əks etdirən yazıların mətbuatda dərc olunmasına, informasiya agentliklərində işıqlandırılmasına, verilişlərin, videomaterialların və filmlərin hazırlanaraq telekanallarda yayımının təşkilinə xüsusi yer ayırıb. Bunlarla yanaşı, DMX-nin təqdim etdiyi və elektron hökumət portalına inteqrasiya edilmiş elektron xidmətlərlə bağlı 11 videotəlimat hazırlanmış və istifadəçilərə təqdim olunub. Ümumiyyətlə, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruriliyi nəzərə alınaraq DMX tərəfindən elektron xidmətlərin göstərilməsi işi təmin edilib. Bu gün də Xidmətdə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, yeni hesabat altsistemi proqram təminatının hazırlanması, informasiya sistemlərinin yaradılması məqsədilə kompleks tədbirlər davam etdirilir. Dövlətimizin başçısının müəyyən etdiyi strategiyaya uyğun olaraq elektron xidmətlərin sferası genişləndirilir.
Möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan uğurlu miqrasiya idarəçiliyi modelini qura bilib. Bu faktı beynəlxalq təşkilatların, bir sıra ölkələrin müvafiq strukturlarının nümayəndələri də dəfələrlə qeyd ediblər. Dövlət Miqrasiya Xidmətinin hər bir əməkdaşının amalı bu etimadı bundan sonra da layiqincə doğrultmaqdır.